REGİONLAR


Qəbələ: atıcılıq üzrə Dünya Kuboku yarışlarında Çin idmançıları liderlik edir

Qəbələ, 9 iyun, Şahnəzər Bəşirov, AZƏRTAC

Gənclər və İdman Nazirliyinin dəstəyi, “Qəbələ” Atıcılıq Klubunun və Azərbaycan Atıcılıq Federasiyasının təşkilatçılığı ilə Qəbələ rayonunda olimpiya atıcılıq növləri üzrə Dünya Kuboku uğrunda yarışlar davam edir.

AZƏRTAC xəbər verir ki, iyunun 9-da Qəbələ Stend və Ox Atıcılığı Kompleksində keçirilən yarışlarda 52 qadın idmançı tapançadan 25 metr məsafədə yerləşən hədəfə atəş açmaq yarışında mübarizə aparıb. Azərbaycanı bu yarışda Nigar Nəsirova və Zərifə Qasımova təmsil edib. Çin idmançısı Yuemesi Lin qızıl, Koreya atıcısı Minjung Kim gümüş, Çin təmsilçisi Jingjinq Zhanq bürünc medal qazanıblar.

Kişilərin tapançadan 50 metr məsafəyə atəşaçma yarışında isə 55 ölkənin idmançıları, o cümlədən Azərbaycan idmançısı Rəhim Rəhimov iştirak edib. Ukrayna atıcısı Oleq Omelçuk birinci, Türkiyə idmançısı Yusuf Dikec ikinci, Serbiya təmsilçisi Damir Mikec üçüncü yeri tutub.

Qaliblərə mükafatları Beynəlxalq İdman Atıcılıq Federasiyasının nümayəndələri və Qəbələ rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev təqdim edib.

Yarışlara 30 idmançı ilə qatılan Çin komandası 5 medalla birinci yerdədir. Serbiya və Ukrayna komandaları müvafiq olaraq ikinci-üçüncü yerləri bölüşürlər.

İyunun 14-dək davam edəcək bu mötəbər yarışda güllə atıcıları 10 dəst medal uğrunda mübarizə aparırlar. İdmançılar tapança və tüfəngdən 10, 25 və 50 metr məsafəyə atəş açaraq hədəfi vurmaq bacarıqlarını nümayiş etdirirlər. Azərbaycan bu mötəbər yarışda 10 idmançı ilə təmsil olunur.

Dünya Kuboku yarışlarının Qəbələ mərhələsinin qalibləri bu ilin oktyabrında Hindistanda keçiriləcək final yarışında iştirak edəcəklər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.