İQTİSADİYYAT
Qəbələ elektrik şəbəkəsi üzrə təmir-bərpa işləri davam etdirilib
Bakı, 26 noyabr, AZƏRTAC
İstehlakçıların elektrik enerjisi təchizatında yaranacaq hər hansı bir problemin qarşısının vaxtında alınması məqsədilə transformator məntəqələrində və elektrik verilişi xətlərində aparılan təmir işləri “Qəbələ” Elektrik Şəbəkəsi Müəssisəsində davam etdirilib.
“Azərenerji” ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, keçirilmiş reydlər zamanı ötən 9 ayda müəssisə üzrə 380-dan artıq qayda pozuntusu aşkarlanıb və 1 milyon 61,6 min kilovat-saata yaxın itirilmiş elektrik enerjisinin 63,7 min manatdan çox istehlak dəyəri bərpa olunub. Bu dövrdə 78,6 milyon kilovat-saatdan artıq elektrik enerjisi istehlak edilib. Nəticədə ötən ilin müvafiq dövrü ilə müqayisədə istehlak 15,9 milyon kilovat-saatdan çox artıb. O cümlədən, daimi əhali istehlakçı qrupu üzrə istehlak ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,6 milyon kilovat-saata yaxın artaraq 29 milyon kilovat-saata yaxın olub. Ödənişdə artım qeydə alınıb.