REGİONLAR


Qəbələ festivalı musiqimizin dünyada təbliğində böyük əhəmiyyət daşıyan mədəni hadisədir

A+ A

Qəbələ, 6 avqust, Şahnəzər Bəşirov, AZƏRTAC

Qəbələ Beynəlxalq Musiqi Festivalı musiqimizin dünyada təbliğində böyük əhəmiyyət daşıyan mədəni hadisədir. Builki festivalın proqramı çox zəngin idi. Hər gün iki konsert oldu və fərqli musiqi əsərləri səsləndirildi.

Bu sözləri AZƏRTAC-a müsahibəsində Heydər Əliyev Fondunun təşkil etdiyi VIII Qəbələ Beynəlxalq Musiqi Festivalının iştirakçısı, Azərbaycan Dövlət Filarmoniyasının direktoru, Xalq Artisti Murad Adıgözəlzadə deyib.

O, festival günlərində Qəbələdə böyük izdiham yaşandığını, xüsusi ab-hava hökm sürdüyünü bildirib: “Bura gələn xarici qonaqlar ölkəmizin sürətli inkişafı, xalqımızın adət-ənənələri və mədəniyyəti, eləcə də milli musiqimizlə, muğam və bəstəkar əsərləri ilə yaxından tanış oldular. Qəbələdə bu gözəl təbiət qoynunda istirahət edən yerli və xarici turistlər hər axşam festivalın konsertlərində dünya musiqi incilərini dinlədilər”.

Murad Adıgözəlzadə qeyd edib ki, ölkəmizin nüfuzunun formalaşmasında siyasət, idman, iqtisadiyyat və mədəniyyət əsas rol oynayır. Bu baxımdan paytaxtdan kənarda, kurort zonasında belə möhtəşəm musiqi festivalının keçirilməsi vacib hadisədir: “Dünyada getdikcə böyük şəhərlər festival paytaxtları statusunu tədricən itirir və bu yeri mənzərəli kiçik şəhərlər - sənət və təbiət gözəlliyinin çox uğurlu şəkildə uzlaşdığı məkanlar tutur. Qəbələ şəhərində artıq 8-ci ildir ki, keçirilən bu beynəlxalq musiqi festivalı buna əyani sübutdur. Burada dörd tərəfi sıx meşəliklə əhatə olunan gözəl dağların ətəyindəki səssizliyi musiqi ritmləri pozur. Qəbələ festivalının keçirildiyi günlərdə klassik musiqi həvəskarları dünyanın tanınmış musiqiçilərinin ifasında ölməz əsərlər dinləmək imkanı əldə etdilər. Müxtəlif mədəniyyətlərin qovuşduğu bu diyarda keçirilən festival həmin mədəniyyətləri ən yüksək səviyyədə təmsil etdi. Hər gün keçirilən konsertlərdə bir-birindən gözəl ifalar, dahi bəstəkarların məşhur əsərləri tamaşaçılara unudulmaz anlar yaşatdı. Əminəm ki, növbəti festival da bu uğuru davam etdirəcək”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.