İDMAN
“Qəbələ” futbol komandası Tbilisidə ilk məşqini keçirib
Tbilisi, 1 iyul, AZƏRTAC
UEFA Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində Gürcüstanın “Dinamo” klubu ilə qarşılaşacaq Azərbaycanın “Qəbələ” futbol komandası artıq Tbilisidədir.
AZƏRTAC xəbər verir ki, komanda Tbilisidə ilk məşqini keçirib.
Baş məşqçi Roman Qriqorçukun rəhbərliyi altında yaşıl meydançaya çıxan futbolçular əsasən fiziki hazırlıq və taktiki plan üzərində çalışıblar.
Mövsümə hazırlıq məqsədilə iyunun 10-dan 19-dək Türkiyənin Ərzurum şəhərində, 20-dən 30-dək isə Qəbələdə təlim-məşqləri keçən komanda “Dinamo” ilə oyuna ciddi hazırlaşır.
Baş məşqçi Roman Qriqorçuk AZƏRTAC-ın xüsusi müxbirinə müsahibəsində deyib: “Bizim məşqlər, həmçinin komandamızdakı böyük dəyişiklikləri nəzərə almaq üçün çox az vaxtımız oldu. Komandaya yeni oyunçular cəlb etmişik. Düşünürəm ki, bu müddət ərzində vacib məqamları gözdən keçirə bilmişik və ümid edirəm ki, bu matçda istədiyimiz oyunu göstərə biləcəyik.
Qarşı tərəfi də ciddi rəqib kimi qiymətləndirən baş məşqçi, azarkeşləri maraqlı oyun gözlədiyini bildirib.
“Qəbələ” iyulun 1-də “Dinamo Arena”da son məşqinə çıxacaq. Komandalar arasında ilk oyun iyulun 2-də Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
Oyunu İsraildən olan hakimlər briqadası idarə edəcək.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi