REGİONLAR
Qəbələ ilə tanışlıq şagirdlərdə zəngin təəssürat yaradıb
Qəbələ, 19 noyabr, Şahnəzər Bəşirov, AZƏRTAC
Respublikamızın şəhər və rayonlarının IX-XI sinif şagirdləri üçün “Ölkəmizi tanıyaq” devizi ilə təşkil edilən maarifləndirici tur-aksiyalar davam edir.
AZƏRTAC xəbər verir ki, Qəbələ-Şəki-Zaqatala-Qəbələ marşrutu üzrə keçirilən tur-aksiyada iştirak edən Xızı, Tovuz, Siyəzən, Şabran, Göygöl, Xaçmaz, Qusar və Quba rayonlarından olan məktəblilər Şəki və Zaqatala rayonlarına ekskursiya etdikdən sonra noyabrın 19-da yenidən Azərbaycanın dilbər guşələrindən olan Qəbələyə gəliblər.
Şagirdlər Qəbələ şəhərindəki Heydər Əliyev Mərkəzinin qarşısında rayon icra hakimiyyətinin və təhsil şöbəsinin əməkdaşları tərəfindən qonaqpərvərliklə qarşılanıblar.
Tur-aksiyada iştirak edən 8 qrupun üzvləri əvvəlcə Heydər Əliyev Mərkəzini ziyarət edib, Ulu Öndərin həyatını və siyasi fəaliyyətini əks etdirən fotoşəkillər və sənədlərlə tanış olublar. Şagirdlər muzeyin qarşısında kollektiv xatirə şəkili çəkdiriblər.
Qəbələ ilə tanışlıq zamanı növbəti ünvan “Tufandağ” Qış-Yay Turizm İstirahət Kompleksi olub. Bölgənin ən çox turist qəbul edən bu obyekti ilə tanışlıq zamanı bildirilib ki, kompleksin 4 kanat xəttinin hamısında və 10 xizək yolundan 8-də tikinti işləri başa çatdırılıb, turistlərin istirahətinin təşkili üçün hər cür şəraiti olan restoranlar və beşulduzlu “Tufandağ” oteli açılıb, bütün dağ-xizək trassası süni qaryağdıran generasiya sistemi ilə təchiz edilib. Kompleksdə gün ərzində 3 min nəfərə xidmət göstərilməsi üçün lazımi şərait yaradılıb. Ümumilikdə 4 kanat xəttinin uzunluğu 6 kilometr, 10 xizək yolunun uzunluğu isə 17 kilometrdir. Şagirdlər kanat yolu ilə uca dağların zirvəsinə qalxaraq oradan Qəbələ şəhərini və ətrafdakı çayları, meşələri, gözəl mənzərəni seyr edib, xatirə şəkili çəkdiriblər.
Heydər Əliyev adına Konqres Mərkəzi ilə tanış olan şagirdlərə məlumat verilib ki, 1200 yerlik mərkəz üç mərtəbədən ibarətdir. Birinci mərtəbədə zallar, 350 yerlik restoran və inzibati otaqlar yerləşir. Çoxfunksiyalı 1200 yerlik konfrans zalı isə ikinci mərtəbədədir.
Aksiya iştirakçıları Tarix-Diyarşünaslıq Muzeyində 900 il Qafqaz Albaniyasının paytaxtı olmuş Qəbələnin tarixi, mədəniyyəti və etnoqrafiyası haqqında məlumat əldə ediblər. Diqqətə çatdırılıb ki, muzeyin əsas fondunda Qəbələnin 2500 illik tarixini əks etdirən 12 mindən çox tarixi və elmi əhəmiyyətə malik eksponat mühafizə olunur.
“Beltmann” piano fabrikində istehsal prosesi ilə maraqlanan tur-aksiya iştirakçılarının diqqətinə çatdırılıb ki, müəssisədə dünyada məşhur olan “Beltmann” markalı pianolar istehsal olunur. Fabrik ildə 1200-1500 piano istehsal etmək gücünə malikdir.
Daha sonra Nic qəsəbəsinə səfər edən şagirdlər buradakı “Cotari” Alban-Udi kilsəsinə böyük maraqla baxıblar. Məlumat verilib ki, kilsə tarixi baxımdan ən qədim və əhəmiyyətli abidələrdən biridir. Nic qəsəbəsi tolerantlığın kiçik bir modeli hesab edilir. Qəsəbədə 3 kilsə və iki məscid var. Altı min əhalisi olan qəsəbədə 3700 udi yaşayır.
Məktəblilər Qəbələ konserv zavoduna da gəlib, istehsal prosesi ilə maraqlanıblar. Bildirilib ki, on iki hektar ərazidə yerləşən müəssisədə 30 çeşiddə məhsul istehsal edilir. Məhsullar daxili bazara çıxarılmaqla yanaşı, 30-dan çox ölkəyə ixrac olunur.
Günün sonunda şagirdlər Çuxur Qəbələ kəndində qədim Qəbələ şəhərinin xarabalıqları və ərazidə aparılan arxeoloji qazıntıların nəticələri ilə də tanış olublar. Məlumat verilib ki, Azərbaycanın ən qədim şəhərlərindən olan Qəbələnin çox zəngin tarixi var. Bu rayondakı ölkə əhəmiyyətli qədim memarlıq abidələri mədəni irsimizin nadir inciləri hesab olunur.
Qəbələ ilə tanışlıq şagirdlərdə zəngin təəssürat yaradıb.
Tur-aksiya noyabrın 20-də başa çatacaq.