İDMAN
“Qəbələ” klubu Dmitri Bezotosnı ilə müqavilə müddətini uzadıb
Bakı, 24 may, AZƏRTAC
“Qəbələ” futbol klubu qapıçısı Dmitri Bezotosnı ilə müqavilə müddətini uzadıb.
Klubdan AZƏRTAC-a bildiriblər ki, ukraynalı futbolçu ilə yeni anlaşma daha bir il müddətinə nəzərdə tutulub. Əvvəlki müqaviləsi 2015-2016-cı illər mövsümünün sonunda başa çatan 32 yaşlı qolkiper daha bir il “qırmızı-qara” formanı geyinəcək.
Xatırladaq ki, 2015-ci ilin əvvəlindən “Qəbələ”nin şərəfini qoruyan Bezotosnı komandanın heyətində 2014-2015 və 2015-2016-cı il mövsümlərində Premyer Liqanın bürünc mükafatını qazanıb. O, “qırmızı-qaralar”ın heyətində keçirdiyi 61 matçda 41 qol buraxıb. Ukraynalı qapıçı Premyer Liqada 43 oyunda 23, Azərbaycan kubokunda 6 matçda 7, Avropa Liqasında 12 qarşılaşmada 11 dəfə qapısında qol görüb. Qolkiper 2015-2016-cı illər mövsümündə Premyer Liqada ən çox “quru” oyun keçirən qapıçıdır. O, meydana çıxdığı 28 matçın 18-də qapısını toxunulmaz saxlayıb.