İDMAN
“Qəbələ” klubu Fransa yığmasının keçmiş üzvü ilə müqavilə imzalayıb
Bakı, 24 iyun, AZƏRTAC
2017-2018-ci il mövsümünün transfer çalışmalarını davam etdirən “Qəbələ” heyətini daha bir futbolçu ilə gücləndirib.
AZƏRTAC xəbər verir ki, Aqil Məmmədov, Elvin Məmmədov, İlqar Qurbanov və ispaniyalı Xavyer Ernandes Qonzaleslə müqavilə imzalayan “qırmızı-qaralar” daha bir legionerlə anlaşıb.
Fransalı Stiven Jozef-Monroz yeni mövsümdən “Qəbələ” komandasının şərəfini qoruyacaq. İyirmi yeddi yaşlı yarımmüdafiəçi ilə iki illik müqavilə imzalanıb. Sağ cinah vingeri kimi çıxış edən Jozef-Monroz “Bondi”, “Lievin” və “Lans” klublarının yeniyetmə və gənclərdən ibarət komandalarında çıxış edib. 2008-ci ildə peşəkar karyerasına başlayan futbolçu 2011-ci ilədək “Lans”ın formasını geyinib. 2010-cu ildə “Şatoru”ya icarəyə verilən yarımmüdafiəçi Belçikada da legioner həyatı yaşayıb. O, “Kortriyk” (2011-2012-ci illər) və “Genk”in (2012-2015-ci illər) uğurları üçün çalışıb.
Cinah oyunçusu 2012-2013-cü il mövsümündə Belçika kubokunun qalibi, 2011-2012-ci il mövsümündə isə finalçısı olub. Jozef-Monroz 2015-2017-ci ildə Fransanın “Brest” klubunda çıxış edib. Yarımmüdafiəçi 2007-2012-ci illərdə Fransanın U-18, U-19, U-20 və U-21 milli komandalarının şərəfini qoruyub.