İDMAN
“Qəbələ” klubu UEFA Gənclər Liqasında debüt edib
Bakı, 22 sentyabr, AZƏRTAC
Futbol üzrə UEFA Gənclər Liqasının “Çempionlar yolu” turnirinin yeni mövsümünə start verilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycanı turnirdə təmsil edən “Qəbələ” birinci mərhələdə ilk oyununu keçirib. 2015-2016-cı illər mövsümündə U-19 Liqanın qalibi olan “qırmızı-qaralar” özünün debüt matçında Rusiya çempionu Moskva “Dinamo”su ilə qarşılaşıb.
Qəbələ şəhər stadionunda keçirilən ilk qarşılaşma kəşfiyyatla başlasa da, az keçməmiş hər iki komandanın məqsədi bəlli olub. Daha texnikalı oyun nümayiş etdirən “qırmızı-qaralar” topa nəzarət etməklə kombinasiyalı futbol nümayiş etdirmək meylini ortaya qoyub. Fiziki göstəriciləri ilə seçilən şimallılar isə standart vəziyyətlərdən faydalanmağa çalışıb. Bu üzdən “Dinamo”nun ucaboy arxa xətt oyunçuları da künc zərbələri və cərimələr zamanı irəli getməkdən çəkinməyib. Roman Hüseynov 8-ci dəqiqədə fərqlənmək imkanını qaçırıb. Beş dəqiqə sonra isə onun ötürməsini Rövlan Muradov tamamlasa da, cərimə meydanında yıxılıb, qayda pozuntusu qeydə alınmayıb. İlk yarım saatın tamamında “Qəbələ” real qol vəziyyəti yaradıb. Rəqib müdafiəçilərin səhvindən sonra 5 futbolçu iki “dinamo”çuya qarşı qalsa da, Nikita Kaluqin inamlı oynayaraq, təhlükəni sovuşdurub. Ardınca Roman bir neçə dəfə moskvalılara həyəcan yaşadıb. Onun bir zərbəsi və daha iki ötürməsi, Rusiya çempionunun qapısı önündə qol vəziyyəti ilə nəticələnib. Lakin “qırmızı-qaralar” hesabı aça bilməyib. 42-ci dəqiqədə cərimə meydanının xətti üzərindən təyin olunan standart vəziyyət “Dinamo”nun ilk qolu ilə nəticələnib. Kaluqinin qüvvətli zərbəsi qarşısıalınmaz olub – 0:1. İlk yarının son dəqiqəsində isə Romanın zərbəsi tirdən dönüb.
İkinci hissə komandamız üçün uğursuz başlayıb. Nikolay Obolski texnikası sayəsində iki müdafiəçidən sıyrılıb, qarşısıalınmaz zərbə ilə fərqi artırıb. Hüseynqulu Quliyevin yetirmələri dərhal qollardan birinin əvəzini çıxmağa yaxın olub. Lakin Nəbiyevin zərbəsini qolkiper dəf edib. Az sonra Ülvi İsgəndərovun uzaq zərbəsi hədəfdən yan keçib. Ardıcıl hücumlar edən “qırmızı-qaralar” Azərbaycan klublarının turnirdəki ilk qolunu vurmağa çalışsa da, həmlələr bəhrəsini verməyib. Hətta hücumların biri zamanı 5 dəqiqəyə yaxın cərimə meydanının önündə paslaşan komandamız bu ərazi üstünlüyünü qola çevirə bilməyib. Baş məşqçilərin oyunçu dəyişiklikləri də matçın axarını dəyişməyə kifayət etməyib. “Dinamo” üstünlüyü rəqibdən almağa, “Qəbələ” isə bundan yararlanmağa çalışsa da, hesab dəyişməyib.
Beləliklə, “Qəbələ” “Dinamo” ilə ilk oyunda 0:2 hesabı ilə məğlub olub. Komandalar arasında cavab oyunu oktyabrın 19-da Ximkidəki “Rodina” stadionunda baş tutacaq.