İDMAN
“Qəbələ” klubu bosniya və herseqovinalı hücumçu transfer edib
Bakı, 27 iyul, AZƏRTAC
UEFA Avropa Liqası yarışlarının üçüncü təsnifat mərhələsinin Kiprin "Apollon" komandası ilə ilk oyunun hazırlıqlarını Bakıda davam etdirən “Qəbələ” növbəti transferini gerçəkləşdirib.
AZƏRTAC xəbər verir ki, klub rəhbərliyi bosniya və herseqovinalı futbolçu Ermin Zets ilə 1+1 illik müqavilə imzalayıb. 27 yaşlı hücumçu “Qəbələ” klubuna keçənədək vətənində “İskra” (Buqoyno, 2006-2007-ci illər), Xorvatiyada “Sibenik” (2007-2010-cu illər) və “Riyeka” (2014-cü il), Türkiyədə “Gənclərbirliyi” (2010-2014-cü illər), “Balıkəsirspor” (2015) klublarında çıxış edib. O, Bosniya və Herseqovinanın gənclər və əsas yığmasının da şərəfini qoruyub. O, 2007-2009-cu illərdə bu ölkənin U-21 kollektivində beş oyuna çıxan hücumçunun əsas millidə debütü 2008-ci ildə olub. Bu komandada doqquz matçda iştirak edən E.Zets yeganə qolunu 2010-cu ildə İsveçlə yoldaşlıq oyununda vurub.
“Apollon” (Kipr) - “Qəbələ” (Azərbaycan) qarşılaşması iyulun 30-da Larnakadakı “Antonis Papadopulos” stadionunda saat 22:00-da başlayacaq.