İDMAN
“Qəbələ” klubu iki futbolçu ilə yollarını ayırıb
Bakı, 27 may, AZƏRTAC
“Qəbələ” iki futbolçu - Samir Zərgərov və Arif Daşdəmirov ilə yollarını ayırıb.
Klubdan AZƏRTAC-a bildiriblər ki, 2015-2016-cı illər mövsümündən öncə “qırmızı-qaralar”a qoşulan A.Daşdəmirov komandanın heyətində 46 oyun keçirib. Bir qol vuran cinah müdafiəçisi Premyer Liqada 30, UEFA Avropa Liqasında 14, Azərbaycan kubokunda 2 oyuna çıxıb. Yeganə qolunu ölkə çempionatında vuran 29 yaşlı arxa xətt oyunçusu “Qəbələ” ilə Premyer-liqanın bürünc mükafatını qazanıb və UEFA Avropa Liqasının qrup mərhələsinə yüksəlib. 2009-2010-cu il mövsümündə də “qırmızı-qara” forma geyinən futbolçu komandada ümumilikdə 64 oyun keçirib, 1 qol vurub.
2015-2016-cı il mövsümündən əvvəl heyətə qatılan S.Zərgərov “Qəbələ”də keçirdiyi 38 matçda 3 dəfə qol sevinci yaşayıb. İyirmi doqquz yaşlı yarımmüdafiəçi 3 qol vurduğu Premyer-liqada 26 matç keçirib. Ölkə kubokunda 3, avrokuboklarda 9 matçın iştirakçısı olan Samir komanda ilə Premyer-liqanın bürünc mükafatını qazanıb və UEFA Avropa Liqasının qrup mərhələsinə yüksəlib. 2006-2009-cu illərdə də “Qəbələ”də çıxış edən S.Zərgərov ümumilikdə 122 matçda geyindiyi “qırmızı-qara” forma ilə 13 qola imza atıb.