İDMAN
“Qəbələ” klubu mövsümlərarası dövrdə ilk legioner transferini reallaşdırıb
Bakı, 16 iyun, AZƏRTAC
“Qəbələ” futbol klubu mövsümlərarası dövrdə ilk legioner transferini reallaşdırıb.
AZƏRTAC kluba istinadla xəbər verir ki, bunadək yerli futbolçular İlqar Qurbanov, Aqil Məmmədov və Elvin Məmmədovu heyətinə qatan “qırmızı-qaralar” ispaniyalı Fransisko Xavyer Ernandes Qonzaleslə anlaşıb. Xavi Ernandes Qonzales kimi tanınan futbolçu ilə 1 ili şərti olmaqla, 2 illik müqavilə imzalanıb. İspaniyalı legioner Avstriyada təlim-məşq toplanışında olan komandaya qoşulub.
Hücumameylli yarımmüdafiəçi 1989-cu il iyunun 6-da Salamanka şəhərində anadan olub. “Pizarrales” (1999-2002-ci il), “Salamanka” (2002-2005-ci il), “Real” Madrid (2005-2008-ci il) klublarının yeniyetmələrdən ibarət komandalarında oynayan Ernandes 2007-2008-ci illərdə İspaniyanın U-19 milli komandasında çıxış edib. O, yığmada keçirdiyi 5 matçda 1 qol vurub. 2008-ci ildə peşəkar karyerasına başlayan futbolçu “Real”ın B komandasına çıxış edib. 2011-ci ilədək bu komandada oynayan Xavi icarə əsasında İsveçin “Halmstad” (2011) klubunda da oynayıb. Ardınca vətənində “Salamanka” (2011-2013-cü il), “Ourense” (2013-2014-cü il) və “Burqos”un (2014-2015-ci il) şərəfini qoruyan yarımmüdafiəçi Rumıniyada “Poli Timişoara”da (2015-2016-cı il), Polşada “Qurnik Lençna”da (2016-2017-ci il) legioner həyatı yaşayıb.