İDMAN


“Qəbələ” klubunun UEFA Avropa Liqasındakı rəqibi “Panatinaikos”u tanıyaq

Bakı, 26 iyul, AZƏRTAC

Futbol üzrə UEFA Avropa Liqasının üçüncü təsnifat mərhələsində “Qəbələ” komandası Yunanıstanın “Panatinaikos” klubu ilə qarşılaşacaq. Yunanıstan təmsilçisi yarışa birbaşa bu raunddan qoşulacaq.

AZƏRTAC xəbər verir ki, Afina klubu 2016/2017-ci il mövsümündə Yunanıstan superliqasında üçüncü yeri tutub. Otuz qarşılaşmada 57 xal toplayan paytaxt təmsilçisi çempion “Olimpiakos”dan 10, ikinci olan PAOK-dan dörd xal geri qalıb. Məhz çempionatdakı bürünc medallar komandaya UEFA Avropa Liqası turnirində iştirak etmək hüququ verib. Yeni mövsüm öncəsi Afina klubu ciddi itki ilə üzləşib. Ötən mövsüm 22 qolla superliqanın bombardiri olmuş Markus Berq dörd ildir şərəfini qoruduğu “Panatinaikos”dan ayrılıb.

Afinalılar oyunlarını 16 min tamaşaçı tutan “Apostolos Nikolaidis” stadionunda keçirir. Bir milyondan çox azarkeşi olan “Panatinaikos” ölkənin “Olimpiakos”dan sonra ikinci məşhur komandası sayılır. Paytaxt klubu 1927/1928-ci il mövsümündən keçirilən superliqada 20 çempionluq, 23 gümüş, 19 bürünc medal qazanıb. 18 dəfə Yunanıstan kubokunu əldə edən afinalılar səkkiz dəfə “Qızıl dubl”a imza atıblar. Beş dəfə superkuboka yiyələnən komanda son illər əzəli rəqibi “Olimpiakos”ın kölgəsində qalıb. Sonuncu dəfə 2009/2010-cu il mövsümündə qızıl medallara yiyələnən komanda son yeddi ildə dörd dəfə gümüş, iki dəfə bürünc medal əldə edib.

Ötən il UEFA Avropa Liqasının qrupunda bir xalla sonuncu yeri tutan afinalılar 2015/2016-cı il mövsümündə pley-offda mübarizəni dayandırıb. Həmin il “Panatinaikos”un qrupa düşmək yolunun qarşısını məhz “Qəbələ” alıb. Bakıdakı qolsuz heç-heçədən sonra “qırmızı-qaralar” Afinada Dodonun dublu ilə 2:2 hesablı bərabərliyə nail olub. Səfər qolları komandamıza tarixində ilk dəfə qrupda oynamağa kömək edib. “Qəbələ”nin qrup oyunları çərçivəsində Yunanıstanın daha bir klubu PAOK-la keçirilən hər iki oyunu isə qolsuz bərabərliklə nəticələnib.

Ümumiyyətlə “Panatinaikos” avrokuboklarda 285 oyun keçirib. Afinalılar bu oyunların 99-da qalib gəlib, 70-də heç-heçə edib, 116-da uduzub. Marinos Ozinidisin baş məşqçisi olduğu paytaxt klubu UEFA reytinqində 148-ci yerdə qərarlaşıb.

Qeyd edək ki, iyulun 27-də Afinadakı “Apostolos Nikolaidis” stadionunda keçiriləcək “Panatinaikos”–“Qəbələ” matçı Bakı vaxtı ilə saat 22:30-da başlayacaq.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.