İDMAN
“Qəbələ” komandası Gəncə səfərində xal itirib
Bakı, 28 fevral, AZƏRTAC
Fevralın 28-də Topaz Premyer Liqasının XX turu çərçivəsində “Qəbələ” komandası Gəncədə “Kəpəz” ilə qarşılaşıb.
AZƏRTAC xəbər verir ki, baş hakim Əliyar Ağayevin idarə etdiyi oyun 1:1 hesabı ilə başa çatıb.
Oyunda hesabı matçın 36-cı dəqiqəsində ev sahibləri açıblar. Şəhriyar Rəhimov “Kəpəz”i hesabda irəli çıxarıb. Qoldan sonra oyunda futbolçular arasında gərginlik yaşanıb. Nəticədə hakim “Qəbələ”nin heyətində Nika Kvekveskirini və “Kəpəz”in oyunçusu Nicat Qurbanovu qırmızı vərəqə ilə cəzalandıraraq meydandan kənarlaşdırıb.
Matçın 54-cü dəqiqəsində “Qəbələ” komandası Renan Silvanın qolu ilə hesabı bərabərləşdirib – 1:1.
Beləliklə, çempionata “Qarabağ” ilə birlikdə liderlik edən “Qəbələ” Gəncə səfərində vacib iki xal itirib. Hazırda aktivində 43 xal olan “Qəbələ” ilk sıradadır. Gəncə təmsilçisi isə 17 xalla yeddinci pillədədir.
XX tura “Qarabağ”-“İnter” oyunu ilə yekun vurulacaq. Ağdamlılar qarşılaşmada qalib gələcəkləri təqdirdə Topaz Premyer Liqasına şəriksiz liderlik edəcəklər.