İDMAN
“Qəbələ” komandası Kiprin “Apollon” kollektivi ilə səfər qarşılaşmasında vacib xal qazanıb
Bakı, 31 iyul, AZƏRTAC
İyulun 30-da futbol üzrə UEFA Avropa Liqası yarışlarının üçüncü təsnifat mərhələsinin ilk görüşləri çərçivəsində “Qəbələ” komandası səfərdə Kiprin Limasol şəhərinin “Apollon” kollektivinin qonağı olub.
AZƏRTAC xəbər verir ki, Larnaka şəhərinin “Antonis Papadopulos” stadionunda keçirilən oyunda “Qəbələ”nin start heyətində Dmitri Bezotosnıy, Vojislav Stankoviç, Rafael Santos, Urfan Abbasov, Rikardiniyu, Rəşad Sadiqov, Aleksey Qay, Cavid Hüseynov, Samir Zərgərov, Sergey Zenev və Aleksey Antonov yer alıblar.
Ukraynalı baş hakim Sergey Boykonun idarə etdiyi və qarşılıqlı hücumlar şəraitində keçən oyunun 14-cü dəqiqəsində “Apollon”un futbolçusu Kolokudias hesabı açıb. Görüşün 35-ci dəqiqəsində “Qəbələ”nin baş məşqçisi birinci hissədə bir neçə dəfə ofsayd vəziyyətinə düşən Samir Zərgərovun yerinə komandamızın digər futbolçusu Dodonu meydana çıxarıb. İlk hissə 1:0 hesabı ilə rəqib komandanın xeyrinə başa çatıb.
İkinci hissədə daha sürətli oyun sərgiləyən komandalar ilk dəqiqələrdə qapılar qarşısında təhlükəli vəziyyətlər yaradıblar. Oyunun 54-cü və 69-cü dəqiqələrində Dodonun sürətli reydlərinin qarşısını almağa çalışan “Apollon”un futbolçuları Elizio və Nuno Lopes kobudluğa görə sarı vərəqələrlə cəzalandırılıblar. Oyunun 76-cı dəqiqəsində meydana çıxan komandamızın yeni transferi, bosniya və herseqovinalı futbolçu Ermin Zets son dəqiqələrdə iki dəfə fərqlənmək imkanını qazansa da, hər iki şansı dəyərləndirə bilməyib.
Oyunda son ana qədər mübarizə aparan “Qəbələ” futbolçuları qarşılaşmanın əsas vaxtına əlavə olunan hissənin 5-ci dəqiqəsində hesabı bərabərləşdiriblər. V.Stankoviça qarşı kobudluğa görə “Apollon”un qapısına təyin olunan on bir metrlik cərimə zərbəsini Cavid Hüseynov dəqiq yerinə yetirərək komandasına vacib olan bir xalı qazandırıb - 1:1. Bu epizodda rəqib komandanın futbolçusu Freire sarı vərəqə ilə cəzalandırılıb. Görüş 1:1 hesabı ilə heç-heçə yekunlaşıb. Bu hesabla “Qəbələ” cavab oyunu üçün böyük üstünlük əldə edib. Komandamız doğma meydanda qapısını toxunulmaz saxlayacağı təqdirdə növbəti mərhələyə vəsiqə qazanacaq. Cavab oyunu avqustun 6-da Bakıdakı “Bakcell Arena”da təşkil olunacaq.
Azərbaycan çempionatının bürünc mükafatçısı olan “Qəbələ” təsnifat mərhələlərində əvvəl Gürcüstanın "Dinamo", sonra isə Serbiyanın "Çukariçki" klublarını mübarizədən kənarlaşdırıb.