İDMAN
“Qəbələ” komandası Ukraynada “Çernomorets” ilə yoxlama oyunu keçirəcək
Bakı, 31 avqust, AZƏRTAC
Topaz Premyer Liqasında yaranan fasilədə “Qəbələ” komandasının hazırlıq planı müəyyənləşib. UEFA Avropa Liqasının pley-off mərhələsi çərçivəsində “Panatinaikos” (Yunanıstan) ilə avqustun 27-də keçirilən cavab oyunundan (2:2) sonra istirahətə buraxılan futbolçular sentyabrın 1-də toplanacaqlar.
AZƏRTAC xəbər verir ki, “Qəbələ” həmin gün təlim-məşq toplanışı üçün Ukraynaya yollanacaq. Komanda Odessada altı gün hazırlıq keçəcək. Sentyabrın 7-də Azərbaycana qayıdacaq Roman Qriqorçukun yetirmələrinin Ukrayna toplanışı çərçivəsində yoxlama oyunu keçirməsi planlaşdırılıb. Komandamız sentyabrın 6-da “Çernomorets” ilə qarşılaşacaq.
“Qəbələ” təlim-məşq toplanışına tam heyətlə yollanmayacaq. Milli komandaların düşərgəsində olan futbolçular hazırlıqda iştirak edə bilməyəcək. Arif Daşdəmirov, Məhəmməd Mirzəbəyov, Rəşad Sadiqov və Elvin Camalov Azərbaycan, Ermin Zets Bosniya və Herseqovina, Sergey Zenyov isə Estoniya millisinin düşərgəsindədir.
“Qəbələ” yığma komandaların oyunları ilə əlaqədar yaranan fasilədən sonra ilk matçını sentyabrın 13-də keçirəcək. Komanda Premyer Liqanın dördüncü turunda səfərdə “İnter” ilə görüşəcək.