İDMAN
“Qəbələ” komandasının futbolçusu: Azarkeşlərimizin qarşısında oynamağımız bizim üçün əlavə üstünlükdür
Bakı, 3 avqust, AZƏRTAC
Avqustun 6-da Bakıda “Apollon” ilə keçiriləcək cavab oyununa çox ciddi hazırlaşırıq. İlk oyunda yaxşı nəticə əldə etsək də, şansları bərabər qiymətləndiririk.
AZƏRTAC xəbər verir ki, bu fikirləri UEFA Avropa Liqası yarışlarının üçüncü təsnifat mərhələsində Kiprin “Apollon” komandası ilə Bakıda keçiriləcək cavab oyunu barədə danışan “Qəbələ”nin təcrübəli ukraynalı yarımmüdafiəçisi Aleksey Qay deyib.
Ukraynalı futbolçu “Qəbələ”nin növbəti mərhələyə yüksəlmək vəzifəsinin öhdəsindən gəlmək gücündə olduğunu vurğulayaraq deyib: “Kiprdəki görüşdən sonra artıq hər iki komanda bir-birini daha yaxşı tanıyır. Ona görə Bakıdakı matçda hər iki komanda üçün asan olmayacaq. Lakin doğma meydanda, azarkeşlərimizin önündə oynamağımız bizim üçün əlavə üstünlükdür. Düşünürəm ki, komandamız lazımi nəticəni əldə edərək bu mərhələni də adlayacaq”.
Portuqaliyalı referi baş hakimi Duarte Nunu Pereyra Qomesin idarə edəcəyi “Qəbələ” - “Apollon” oyunu avqustun 6-da saat 21:00-da Bakıdakı “Bakcell Arena” stadionunda keçiriləcək. Komandalar arasında Kiprdə keçirilən ilk görüşdə 1:1 hesablı heç–heçə qeydə alınmışdı.