REGİONLAR
Qəbələ məktəbliləri Quba, Qusar və Xaçmaz rayonlarının görməli yerlərini gəzəcəklər
Qəbələ, 17 noyabr, Şahnəzər Bəşirov, AZƏRTAC
Ölkə başçısının tapşırığına əsasən respublikamızın şəhər və rayonlarının IX-XI sinif şagirdləri üçün təşkil olunan “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyası çərçivəsində Qəbələ məktəbliləri Quba, Qusar və Xaçmaz rayonlarına yola salınıb.
AZƏRTAC xəbər verir ki, Qəbələ Mədəniyyət Mərkəzində təşkil olunan yolasalma mərasimində çıxış edən rayon icra hakimiyyəti başçısının müavini Ətayə Osmanova layihənin əhəmiyyətindən söz açıb. Qeyd olunub ki, Azərbaycanda həyata keçirilən dövlət gənclər siyasətinin başlıca məqsədlərindən biri gənc nəslin Vətənə məhəbbət ruhunda tərbiyə olunmasıdır. “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiyalar da məhz bu amala xidmət edir.
Mərasimdə rayon təhsil şöbəsinin müdiri Oqtay Hacıyev çıxış edərək layihənin həyata keçirilməsini ölkə gənclərinin vətənpərvərlik, tarixi-mədəni irsimizə hörmət ruhunda tərbiyə olunması, məktəblilərin dünyagörüşünün daha da zənginləşməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini söyləyib.
Toplantıda Vəndam qəsəbə 1 nömrəli tam orta məktəbin IX sinif şagirdi Səidə Yaşarlı çıxış edərək indiyədək respublikamızın bir çox bölgəsində olduğunu bildirib. “Bu tur-aksiyada isə şagird dostlarımla birgə Quba, Qusar və Xaçmaz rayonlarının təbiəti, görməli yerləri ilə tanış olacağıq. Səfər zamanı ölkəmizin tarixi, adət-ənənələri, inkişafı barədə zəngin məlumatlar toplayacağıq. Bunun üçün tur-aksiyanın təşkilatçılarına minnətdarlığımı bildirirəm”.
Daha sonra 40 nəfər tur-aksiya iştirakçısı Heydər Əliyev parkına gələrək ümummilli liderin abidəsi önünə tər güllər düzüblər.
Maarifləndirici tur aksiyanın təşkil olunması üçün rayon icra hakimiyyəti tərəfindən qərargah yaradılaraq qrupa rəhbər təyin olunub, şagirdlərə xüsusi geyimlər paylanılıb. Yolasalma mərasimində iştirak edən valideynlər və məktəblilər ölkə başçısına minnətarlıqlarını ifadə ediblər.
Sonda tur-aksiyada iştirak edəcək şagird və müşayiətçilər onlar üçün ayrılmış xüsusi avtobusla Quba-Qusar-Xaçmaz istiqaməti üzrə yola düşüblər.