REGİONLAR


Qəbələ öz gözəlliyi ilə xarici turistləri cəlb edir FOTOREPORTAJ VİDEO

A+ A

Qəbələ, 17 avqust, Şahnəzər Bəşirov, AZƏRTAC

Qəbələ rayonu gözəl təbiətinə, sıx meşələrinə, soyuq bulaqlarına, mənzərəli çay və göllərinə, paytaxta yaxın olmasına, müasir turizm infrastrukturuna görə yerli və xarici turistlər üçün daha cəlbedicidir. Hər il Qəbələdə yeni beşulduzlu otellərin, müasir istirahət və əyləncə mərkəzlərinin inşası rayona gələn turistlərin sayının sürətlə artmasına səbəb olur. Turistlərin istirahətinin mənalı təşkili üçün “Qafqaz Resorte”, “Qafqaz Riverside”, “Qafqaz Karvansaray”, “Qafqaz Yengicə Termal Hotel və SPA” və “Qafqaz Sport”, “Qəbələ City” və “Yeddi Gözəl” otellərində, “Qəbələnd” istirahət və əyləncə mərkəzində yüksək şərait yaradılıb. Bu otellərdə təkcə son bir ayda 16 mindən çox yerli və xarici turist dincəlib.

 

Bu il Qəbələyə müsəlman ölkələrindən gələn turistlər daha çoxdur

AZƏRTAC xəbər verir ki, hər il Qəbələyə gələn əcnəbi turistlər arasında Rusiya və Avropa ölkələrinin vətəndaşları üstünlük təşkil edirdi. Amma bu il müsəlman ölkələrindən gələn turistlər daha çoxdur. Ərəb turistlərin Qəbələdə dincəlməyə üstünlük verməsi rayonun turizm bazarını daha da genişləndirib. Hazırda Qəbələyə ən çox turist Birləşmiş Ərəb Əmirliklərindən gəlir.

Müxtəlif turizm şirkətlərinin nümayəndələri onları Qəbələdəki “Tufandağ” Qış-Yay Turizm İstirahət Kompleksi, Stend və Ox Atıcılığı Kompleksi, 900 il Qafqaz Albaniyasının paytaxtı olan qədim Qəbələ şəhərinin qalıqları, “Yeddi Gözəl” şəlaləsi, “Beltman” piano fabriki, tarix-diyarşünaslıq muzeyi ilə tanış edirlər. Qəbələdə yerləşən turistlərin qonşu İsmayıllı, Oğuz və Şəki rayonlarına səfərləri də təşkil olunur.

 

Son bir ayda “Qafqaz Karvansaray” otelinin ərəb müştəriləri 5 dəfə artıb

Turistlərin ən çox üz tutduqları istirahət mərkəzlərindən biri “Qafqaz Karvansaray” otelidir. Otelin direktoru Süleyman Məmmədov AZƏRTAC-ın müxbiri ilə söhbətində bildirdi ki, kompleks 139 super, 12 ailəvi, 6 kral və 2 əlillər üçün otaq olmaqla, 159 otaqdan ibarətdir. Oteldə qapalı üzgüçülük hovuzu, kişi və qadınlar üçün bərbərxana və gözəllik salonları, türk hamamı, buxar hamamı, SPA, trenajor, bilyard və tennis zalları, sauna və masaj otaqları var. Burada 150 nəfərlik restoran, iclas və konfranslar keçirmək üçün zallar, uşaqların istirahət otaqları fəaliyyət göstərir. 

Süleyman Məmmədovun sözlərinə görə, son bir ayda otelin ərəb müştəriləri 5 dəfə artıb və hər gün otelin bütün otaqları turistlərlə dolu olur. Təkcə iyul ayında oteldə dincələn ərəb turistlərin sayı bu ilin 6 ayı ərzində gələn qonaqların sayından çox olub. Müştərilər oteldə boş otaq əldə etmək üçün əvvəlcədən sifariş edirlər. Ən ucuz iki nəfərlik otaq 86 manatdan 126 manatadəkdir. İyul ayında “Qafqaz Karvansaray” otelində dincələn xarici turistlərdən 2800-ü Birləşmiş Ərəb Əmirlikləri, Küveyt, Qətər, Oman, Bəhreyn, Səudiyyə Ərəbistanı və İraqdan olub. Bunun 1900 nəfəri isə Birləşmiş Ərəb Əmirliklərindəndir.

 

“Qafqaz Riverside” otelinin icraçı direktoru: Otel hər gün turistlərlə dolub boşalır

Sonra “Qafqaz Riverside” otelinə yollandıq. Burada icraçı direktor Atilla Çetinbaş turistlər üçün yaradılan şərait barədə məlumat verərək qeyd etdi ki, oteldə 96-sı “Superior”, 12-si “Junior suit”, 6-sı “Deluks suit”, 4-ü “Dubleks suit” və 5-i “Kral suit” olmaqla, cəmi 123 nömrə var. Bütün otaqlar rəqəmli seyf, minibar, havalandırma sistemləri, peyk televiziya antenası, beynəlxalq telefon xətti, kabelsiz internetlə təchiz edilib. Otelin ərazisində yüksək standartlara cavab verən 38 kottec inşa olunub. Ailəvi istirahət üçün ideal şəraitə malik kotteclərdə amerikan mətbəxi qonaqların ixtiyarına verilib. Oteldə 300 nəfərlik yeməkxana və sifarişlə işləyən 150 nəfərlik restoran fəaliyyət göstərir. Oteldə sağlamlıq mərkəzi, sauna, türk hamamı, açıq və örtülü hovuz, idman zalı da yaradılıb. Qonaqlar asudə vaxtlarını bilyard və stolüstü oyun zallarında səmərəli keçirirlər. Uşaqların əylənməsi üçün oyun meydançası da var.

Atilla Çetinbaş bildirdi ki, bir gündə oteldə 406 turistin gecələməsi mümkündür. Ötən bir ayda “Qafqaz Karvansaray” otelində 9 minə yaxın yerli və xarici turist dincəlib. Bunun təxminən 6700-ü ərəb ölkələrindən, o cümlədən 5600-ü Birləşmiş Ərəb Əmirliklərindən gələnlər olub. Otel hər gün turistlərlə dolub boşalır. Sifarişlər həddən artıq çoxdur. Avqustda turistlərin sayının əvvəlki aylardan daha çox olacağı gözlənilir. Ərəb ölkələrindən gələn turistlər Qəbələdə ən azı bir həftə qalıb dincəlirlər.

 

“Qəbələ haqqında eşitmişdim, amma bu qədər gözəl olduğunu bilmirdim”

Otellərdə yaradılan şəraitlə tanışlıqdan sonra əcnəbi turistlərlə də həmsöhbət olduq. Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərindən Qəbələyə istirahətə gələn turist Xamis Abdulla əl Naqbi AZƏRTAC-a müsahibəsində isti yay günlərində dincəlmək üçün gözəl təbiəti, müasir otelləri və qonaqpərvər insanları olan Qəbələni seçdiyinə görə məmnundur: “Biz turizm şirkəti ilə bura 55 nəfər gəlmişik. Bir həftə Qəbələdə dincələcəyəm. Burada özümüzü qərib hiss etmirik. Mən həyat yoldaşımla Qəbələdə olmaqdan məmnunam. Növbəti illərdə də istirahət üçün Qəbələyə gələcəyəm. Burada hamı bizə isti münasibət göstərir, xidmətlərə görə qiymətlər də yaxşıdır”.

Dubay şəhərindən Qəbələyə gələn digər turist Abdulla Alali isə sərin havası, sıx meşələri, soyuq bulaqları, gölləri, çayları və müasir turizm obyektləri olan Qəbələyə gəldiyi üçün özünü xoşbəxt hiss etdiyini bildirib: “Mən həmyerlilərimlə birgə təyyarə ilə Dubaydan birbaşa Qəbələ hava limanına gəldim. Azərbaycana səfərim zamanı Qəbələ ilə yanaşı, digər şəhər və rayonlara da səyahət edəcəyəm. Birinci dəfədir ki, Azərbaycana gəlirəm. Qəbələ haqqında eşitmişdim, amma bu qədər gözəl olduğunu bilmirdim. Eyni zamanda, buranın mətbəxi çox zəngindir. Yeməklərinizdən doymaq olmur. Burada yeməklərin çeşidi çoxdur. Adam bilmir ki, hansı yeməyin dadına baxsın. Azərbaycan xalqı çox şanslıdır. Sizin gözəl təbiətiniz, mədəniyyətiniz, mətbəxiniz, turizm obyektləriniz, tarixi abidələriniz var. Mən burada hər cür bolluq gördüm. Bundan yaxşı nə ola bilər?!”.

Qeyd edək ki, hazırda rayonda irili-xırdalı 100-ə yaxın turizm-istirahət obyekti fəaliyyət göstərir. Həmin obyektlərdən 20-i beş, dörd və üçulduzlu otellər və müasir istirahət mərkəzləridir.

Ötən il Qəbələyə 50 mindən çox yerli və xarici turist gəlib. Bu il isə turistlərin sayının iki dəfə çox olacağı gözlənilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.