REGİONLAR
Qəbələ rayonunda aşkarlanan yararsız at cəmdəkləri zərərsizləşdirilib VİDEO
Bakı, 26 noyabr, AZƏRTAC
Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayonun Nic qəsəbəsində xidmət apararkən sürücü, İsmayıllı rayon sakini Süleymanov Vüqar Hafiz oğlunun idarə etdiyi "VAZ 21074" markalı 31-BE-575 dövlət qeydiyyat nişanlı avtomobil saxlanılıb. Avtomobilə baxış keçirən zaman yük yerində və salonda 200 kiloqram olan, kəsilmiş, üst-üstə tökülmüş, antisanitar vəziyyətdə daşınan, üfunətli iy verən 3 baş at cəmdəyi aşkarlanıb.
Araşdırma zamanı məlum olub ki, Süleymanov Vüqar Hafiz oğlu və onun qaynı, İsmayıllı rayonu Qalıncaq kənd sakini Hacıyev Sahil Tofiq oğlu Qəbələ rayonunun Aydınqışlaq, Mirzəbəyli və Mıxlıqovaq kəndlərindən aldıqları atları kəsərək Bakı şəhərində olan "Heyvanat parkı"na satmaq istəyiblər.
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin Qəbələ Rayon Baytarlıq İdarəsinin əməkdaşları tərəfindən aparılan araşdırma zamanı isə at cəmdəklərinin mənşəyinə və sağlamlığına dair müşayiətedici sənədlərin olmadığı, baytarlıq-sanitariya ekspertizasından keçmədiyi müəyyən edilib.
Mənşəyinə və sağlamlığına dair müşayiətedici sənədləri, orqanoleptik göstəriciləri standarta uyğun olmayan, pis qoxulu, qida üçün yararlılığı şübhə doğuran at cəmdəklərindən baytarlıq qanunvericiliyinə uyğun nümunələr götürülərək Respublika Baytarlıq Laboratoriyasına göndərilib.
Dövlət Baytarlıq Nəzarəti Xidmətindən AZƏRTAC-a bildirilib ki, aparılan müayinələrin nəticəsinə əsasən at cəmdəklərinin bakterioloji çirklənməyə məruz qalması, keyfiyyətsiz olması və baytarlıq-sanitariya tələblərinə cavab verməməsi müəyyən edilib.
Laboratoriya müayinələrinin nəticələri nəzərə alınaraq, at cəmdəklərinin zərərsizləşdirilməsinə qərar verilib. Qərara uyğun olaraq, noyabrın 26-da at cəmdəkləri baytarlıq mütəxəssislərinin nəzarəti altında Qəbələ rayonu ərazisində olan məişət tullantıları poliqonunda KİV və digər aidiyyəti qurumların əməkdaşlarının iştirakı ilə baytarlıq-sanitariya tələblərinə uyğun zərərsizləşdirilərək basdırılib.