REGİONLAR
Qəbələ rayonunun komandası cüdo turnirinin qalibi adını qazanıb
Qəbələ, 19 dekabr, AZƏRTAC
Rayon gənclər və idman idarəsinin və “Qəbələ” idman klubunun birgə təşkilatçılığı ilə cüdo üzrə açıq rayon birinciliyi keçirilib.
AZƏRTAC xəbər verir ki, 31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə Qəbələ Olimpiya İdman Kompleksində keçirilən turnirdə respublikanın 15 şəhər və rayonundan 21 komandanın tərkibində 260 nəfər uşaq və yeniyetmə idmançı iştirak edib.
Turnirin açılış mərasimində çıxış edənlər ölkəmizdə idmanın maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində görülən işlərdən, Prezident İlham Əliyev tərəfindən idmançılara göstərilən diqqət və qayğıdan danışıb, yarış iştirakçılarına uğurlar arzulayıblar.
Bildirilib ki, bu yarışın əsas məqsədi cüdo idman növünün respublikada daha da inkişafına nail olmaq, həmçinin rayonda idmanın kütləviliyinin artırılması, uşaq və yeniyetmələrdə yarış təcrübəsinin inkişaf etdirilməsi, bu idman növü üzrə rayonun yığma komandasının tərkibinin müəyyənləşdirilməsindən ibarətdir.
İki gün davam edən açıq turnirdə medal sayına görə komanda hesabında Qəbələ I, Sumqayıt II və Zaqatala III yerləri tutublar. Yekunda müxtəlif çəki dərəcəsi üzrə qalib gələn idmançılara diplom və medallar, komandalara isə kuboklar təqdim edilib.