İDMAN


“Qəbələ” səkkiz futbolçusu ilə yollarını ayırıb

Bakı, 31 may, AZƏRTAC

Yeni mövsümün transfer çalışmalarına start verən “Qəbələ” 8 futbolçusu ilə yollarını ayırıb.

AZƏRTAC kluba istinadla xəbər verir ki, Daniel Subotiç, Rafael Santos, Rəşad Sadiqov, Məhəmməd Mirzəbəyov, Teo Uiks, Sergey Zenyov, Rəşad Eyubov və Nika Kvekveskiri 2017-2018-ci il mövsümündən “qırmızı-qaralar”ın formasını geyinməyəcək.

2014-cü ilin əvvəlində transfer olunan Rafael Santos “Qəbələ”də keçirdiyi 4 mövsümdə 104 matça 2 qol vurub. Müdafiəçi Premyer Liqada 72 (2 qol), kubokda 12, Avropa Liqasında 20 matça çıxıb. Braziliyalı legioner “qırmızı-qara” formada Premyer Liqanın 1 gümüş və 3 bürünc mükafatını qazanıb.

2015-ci ilin əvvəlindən “Qəbələ”də çıxış edən Rəşad Sadiqov 1 gümüş və 2 bürünc medala yiyələnib. 91 oyunda 2 qol vuran futbolçu çempionatda 61 (1 qol), kubokda 8 (1 qol), Avropa Liqasında 22 görüş keçirib.

2015-ci ilin yayında heyətə cəlb olunan Sergey Zenyov və Məhəmməd Mirzəbəyov son iki mövsümdə çempionatın gümüş və bürünc medalına sahib çıxıblar. Bu iki ildə S.Zenyov 80 qarşılaşmada 14 qol vurmağı bacarıb. Estoniyalı Premyer Liqada 47 (8 qol), kubokda 6, Avropa Liqasında 27 (6 qol) oyunda şans qazanıb. Qol hesabını açmayan M.Mirzəbəyov 62 görüşdə meydana çıxıb. Müdafiəçi 46 çempionat, 5 kubok və 11 avrokubok görüşünün iştirakçısı olub.

2016-cı ilin əvvəlində heyətə qoşulan Rəşad Eyubov da son iki çempionatın medallarını qazanıb. 41 matçda 5 qol vuran yarımmüdafiəçi çempionatda 25 (3 qol), kubokda 8 (2 qol), avrokubokda 8 dəfə meydana çıxıb.

Başa çatan mövsümün gedişində komandaya qoşulan Daniel Subotiç 2013-2014-cü illərdə qazandığı bürünc medala gümüşü əlavə edib. 48 oyunda 19 qola sevinən hücumçu Premyer Liqada keçirdiyi 40 matçda 15, kubokda isə 8 görüşdə 4 dəfə fərqlənib.

Ötən ilin yayında “Qəbələ”yə qoşulan Teo Uiks və Nika Kvekveskiri isə komandada bir mövsüm keçiriblər. Onlar çempionatın gümüş mükafatçılarıdır. Nika 29 matçdan 14-nü çempionat, 4-nü kubok, 11-ni Avropa Liqasında keçirib və yeganə qolu qitə miqyaslı turnirə təsadüf edib. 33 qarşılaşmada 7 qol vuran liberiyalı da məhsuldarlığı avrokuboklarda göstərib – 12 oyunda 5 top. O, çempionatda 16 (2 qol), kubokda 5 görüşə çıxıb.

“Qəbələ” klubu bu futbolçulara “qırmızı-qara” forma ilə keçirdiyi oyunlara və qazanılan qələbələrdəki payına görə təşəkkür edib, gələcək karyeralarında yeni-yeni uğurlar arzulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.