İDMAN
“Qəbələ” və “Qarabağ”ın komandalarının Avropa Liqasındakı rəqibləri yeni oyunçular transfer ediblər
Bakı, 1 sentyabr, AZƏRTAC
Avqustun 31-də Avropada transfer pəncərəsi bağlanıb. Əksər klublar, o cümlədən Azərbaycanı UEFA Avropa Liqasında təmsil edən “Qarabağ” və “Qəbələ” komandalarının qrup mərhələsindəki rəqibləri “Borussiya” (Dortmund, Almaniya) və “Monako” (Fransa) klubları heyətlərinə bir neçə futbolçu daxil edib. Bu komandaların bəzi oyunçuları isə başqa klublara transfer olunub.
AZƏRTAC xəbər verir ki, “Qəbələ”nin rəqibi “Borussiya” İngiltərənin “Mançester Yunayted” komandasının 20 yaşlı hücumçusu Adnan Yanuzay ilə müqavilə imzalayıb. Belçika yığmasının üzvü cari mövsümdə icarə əsasında Almaniya klubunda çıxış edəcək.
“Borussiya”nın müdafiəçisi Kevin Qroskroyts Türkiyənin “Qalatasaray”, yarımmüdafiəçisi Yakob Blajikovski isə İtaliyanın “Fiorentina” komandalarına keçiblər.
“Qarabağ”ın rəqibi olan Fransanın “Monako” komandasının futbolçusu Antoni Martialın “Mançester Yunayted” komandasına keçidi ingilis klubuna 49 milyon avroya başa gəlib. Fransız klubunun tunisli müdafiəçisi Aymen Abdennur isə 25 milyon avro müqabilində “Valensiya”ya keçib.
“Monako” komandası avqustun 28-də heyətini iki futbolçu ilə gücləndirmişdi. Knyazlıq klubu İspaniyanın “Real” (Madrid) komandasının üzvü Fabio Koentraoni və İngiltərənin “Mançester Siti” komandasının yarımmüdafiəçisi Roni Lopesi transfer etmişdi.