REGİONLAR
Qəbələdə 225 nəfər qanvermə aksiyasında iştirak edib
Qəbələ, 18 iyul, Şahnəzər Bəşirov, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təsdiq etdiyi "Hemofiliya və talassemiyadan əziyyət çəkən uşaqlara qayğı" Dövlət Proqramına uyğun olaraq Qəbələ Müalicə Diaqnostika Mərkəzində qanvermə aksiyası təşkil edilib.
AZƏRTAC xəbər verir ki, rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların işçiləri, gənclər, o cümlədən ictimaiyyət nümayəndələri tibb ocağına gələrək qana ehtiyacı olan insanlara kömək məqsədilə bu nəcib və humanist xarakterli aksiyaya qoşulublar. Qanvermə prosesini B.Eyvazov adına Elmi-Tədqiqat Hemotologiya və Transfiziologiya İnstitutunun Mərkəzi Qan Bankı tərəfindən Qəbələyə ezam olunan xüsusi briqadanın həkim-hemotoloqları həyata keçiriblər.
Müayinə olunan 347 könüllünün 225 nəfərindən qan götürülüb. Toplanan qan talassemiya, hemofiliya və digər qan xəstəliklərindən əziyyət çəkən insanların müalicəsində istifadə olunacaq. Aksiyada iştirak edən könüllülər qan xəstəliklərindən əziyyət çəkən uşaqlar üçün qan verməyin xeyirxah və savab iş olduğunu bildirib, belə aksiyalarda yaxından iştirak etməyi vətəndaşlıq borcu kimi qiymətləndiriblər.