REGİONLAR
Qəbələdə 35 mindən artıq vətəndaş tibbi müayinələrdə iştirak edib
Qəbələ, 5 mart, AZƏRTAC
Prezident İlham Əliyevin ölkə vətəndaşlarının tibbi müayinədən keçirilməsi ilə bağlı verdiyi tapşırığın icrası Qəbələ rayonunda uğurla davam edir.
AZƏRTAC xəbər verir ki, Qəbələ rayon Mərkəzi Xəstəxanası tərəfindən sakinlərin kütləvi dispanserizasiyası üçün hər cür şərait yaradılıb. Qəbələ şəhərində və kəndlərdə tibbi müayinə məntəqələri yaradılıb. Rayonun səhiyyə ocaqlarına müraciət edən insanlar əvvəlcə növbə ilə qeydiyyatdan keçir, sonra həkimlərin qəbulunda olurlar. Aksiyaya tibbin müxtəlif sahələri üzrə həkim və orta tibb işçisi cəlb edilib. Aksiya zamanı ümumi və biokimyəvi laboratoriyalar, rentgen, elektrokardioqrafiya, ultrasəs, flüoqrafiya və digər müayinə kabinetləri əhaliyə pulsuz tibbi xidmət göstərir. İndiyədək tibbi müayinələr Qəbələ şəhərində, eləcə də 20 kənddə aparılıb və sakinlər mütəşəkkil şəkildə həkimlərə müraciət edərək, sağlamlıqları barədə dəqiq məlumat alıblar.
Fevralın 1-dən martın 5-dək rayonun səhiyyə ocaqlarında keçirilən aksiya zamanı 35 mindən çox vətəndaş tibbi müayinə olunub. Xəstəlik aşkar edilən şəxslər Qəbələ rayon Mərkəzi Xəstəxanasında müalicə edilirlər. Müayinələrdən sonra 133 nəfər stasionar, 2713 nəfər ambulator müalicəyə cəlb olunub. Xəstəliyi daha ağır olan 86 nəfər isə müalicə üçün Bakı şəhərinə göndərilib.