REGİONLAR
Qəbələdə 60 hektar sahədə yeni meşəlik salınıb
Qəbələ, 12 dekabr, Şahnəzər Bəşirov, AZƏRTAC
Qəbələ rayonunda meşələrin mühafizəsi və bərpası daim diqqət mərkəzində saxlanılır.
Rayon meşələrin mühafizəsi və bərpası müəssisəsindən AZƏRTAC-a bildiriblər ki, rayonda payız mövsümündə yeni meşəliklərin salınması işləri başa çatdırılıb. Ötən iki ay ərzində rayonun Bum, Vəndam, Yenikənd və Zarağan meşəbəyiliklərinin ərazisindəki dövlət meşə fondunun torpaqlarında 30 hektar sahədə mədəni meşə salınıb. Bunun 10 hektarında palıd qozalarının səpini aparılıb, qalan 20 hektar əraziyə isə qoz, şabalıd, akasiya, vələs, göyrüş, ağcaqayın, palıd, fıstıq və digər qiymətli ağac növlərindən olan 22 min ting əkilib.
Bundan əlavə, Qəbələ Rayon Meşələrin Mühafizəsi və Bərpası Müəssisəsi baramaçılığın inkişafına dəstək məqsədilə tut bağlarının salınması işlərinə də öz töhfəsini verib. Müəssisə tərəfindən meşə fonduna aid torpaqlarda 2 hektar ərazidə 1600 ədəd tut tingi əkilib və yaz aylarında bu istiqamətdə işlər davam etdiriləcək.
Qeyd edək ki, bu ilin yazında rayonda 30 hektar ərazidə mədəni meşəlik salınmışdı. Cari ildə ümumilikdə 60 hektar sahədə 56 min ting əkilib. Rayon meşəçiləri ağac əkini üçün 3500 kiloqram palıd, qoz, şabalıd, göyrüş, ağcaqayın, akasiya toxumu tədarük ediblər. Rayon meşələrin mühafizəsi və bərpası müəssisəsinin kollektivi bu ilin payızında 2 hektar sahədə yeni tinglik salıb. Hazırda orada 120 min ədəd ting yetişdirilir. Gələn ilin yaz aylarında növbəti ağac əkini və toxum səpini mövsümünə başlanılacaq.