REGİONLAR
Qəbələdə 70 hektar sahədə tütün əkilib
Qəbələ, 17 may, Şahnəzər Bəşirov, AZƏRTAC
Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən, ölkəmizdə ixracyönümlü və ənənəvi sahələrin dirçəldilməsi ilə bağlı həyata keçirilən tədbirlər çərçivəsində Qəbələ rayonunda tütünçülüyün inkişaf etdirilməsi qarşıya məqsəd qoyulub.
AZƏRTAC xəbər verir ki, uzun fasilədən sonra Qəbələdə ikinci ildir tütün əkilir. Ötən il 50 hektar sahədə tütün yetişdirən fermerlər dövlət dəstəyindən bəhrələnərək bu il əkin sahələrini xeyli genişləndiriblər. Mayın 15-dək Mamaylı, Şamılı və Kiçik Əmili kəndlərində 70 hektar sahəyə şitil köçürülüb.
Şamılı kəndində fermer Fikrət Məmmədov tərəfindən 60 hektar sahədə tütün əkilib. Fermer bildirib ki, əkin prosesindən əvvəl “Şəki-Tütün” şirkəti ilə məhsulun alqı-satqısı barədə müqavilə bağlanılıb. O, ötən il şirkətə tütünün kiloqramını 1.60-2 manata satdığını deyib. Dövlət tərəfindən verilən subsidiyadan bəhrələnən fermer qeyd edib ki, bu il daha geniş sahədə tütün əkini aparıb və daha çox məhsul istehsal edəcək.
Rayon tütünçüləri yerli şəraitə uyğunlaşdırılmış “İmmuno” növünə üstünlük veriblər. Bu tütün bitkisinə düzgün aqrotexniki qulluq edilərsə, hər hektardan yaşıl kütlə halında 25 ton, quru halda isə 2 ton məhsul götürmək mümkündür.
Qeyd edək ki, rayonda tütünün əkilməsi və becərilməsi, eləcə də məhsulun toplanması prosesinə 150-dən çox yerli sakin cəlb olunur ki, bu da kənd sakinlərinin məşğulluğunun təmin edilməsinə, həyat şəraitinin yaxşılaşmasına müsbət təsir göstərir.