CƏMİYYƏT


Qəbələdə “Alban Apostol kilsəsinin keçmişi və bu günü” mövzusunda beynəlxalq konfrans keçiriləcək

A+ A

Bakı, 18 iyul, AZƏRTAC 

Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş “2016-cı ilin Azərbaycan Respublikasında “Multikulturalizm ili” elan edilməsinə dair Tədbirlər Planı”na əsasən iyulun 20-də Qəbələdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK), Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM), Müəllif Hüquqları Agentliyi və Azərbaycan Respublikasının Alban-Udi xristian dini icmasının birgə təşkilatçılığı ilə Qafqaz Albaniyası ilə bağlı “Alban Apostol kilsəsinin keçmişi və bu günü” mövzusunda beynəlxalq konfrans keçiriləcək.

DQİDK-dan AZƏRTAC-a bildiriblər ki, konfransda Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, AMEA-nın vitse-prezidenti, Milli Məclisin elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli, Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov, Respublika Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərov, Suriya avtokefal kilsəsi Deir-al-Zafaran monastırının mitropoliti Salib Özmen, Alban-Udi Xristian dini icmasının sədri Robert Mobili, xarici ölkələrdən dəvət olunmuş albanşünas mütəxəssislər, tarixçilər, ziyalılar və ictimaiyyət nümayəndələri iştirak edəcəklər.

Rəsmi açılış mərasimindən sonra konfrans işini plenar iclaslarla davam etdirəcək. İclaslarda Azərbaycan tarixinin orta əsrlər mədəniyyətinin nümunələrindən olan Alban Apostol kilsəsi haqqında ətraflı məlumat veriləcək. Qafqaz Albaniyası və Alban Apostol kilsəsi, Qafqaz Albaniyasının dini arxitekturasında xristian və İslam motivlərinin simbiozu, Alban apostol avtokefal kilsəsinin varisi kimi Azərbaycanın Alban-Udi xristian dini icmasının fəaliyyəti, Qafqaz Albaniyasının mədəni irsinin erməniləşdirilməsi, XVII-XIX əsrlərin Alban Apostol kilsəsi, 1836-cı ildə Alban kilsəsinin ləğv edilməsindən sonra udinlərin dini və etnik vəziyyəti və digər məsələlərlə bağlı məruzələr dinləniləcək və müzakirələr aparılacaq. Konfrans iştirakçılarının Nic qəsəbəsinə səfər edərək Müqəddəs Yelisey Alban kilsəsi ilə tanışlıqları da nəzərdə tutulub.

Konfransdan sonra “Udi Mədəniyyət Günü”nə həsr olunmuş tədbirlər keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.