REGİONLAR
Qəbələdə “Furioso” kvartetinin kamera konsertində Avropa bəstəkarlarının əsərləri səsləndirilib
Qəbələ, 30 iyul, Şahnəzər Bəşirov, AZƏRTAC
Qəbələ Beynəlxalq Musiqi Festivalı son illər Azərbaycanda ənənəvi şəkildə keçirilən mühüm tədbirlərdən birinə çevrilib. Bu festival Heydər Əliyev Fondunun çox uğurlu layihələrindən biri hesab olunur və sorağı dünyanın hər yerindən gəlir. “Gilan Holdinq”in dəstəyi ilə ənənəvi olaraq hər il təşkil olunan Qəbələ festivalı xarici qonaqlara Azərbaycan bəstəkarlarının əsərlərini təqdim etməklə yanaşı, yerli musiqisevərlərə dünyanın klassik sənət inciləri ilə yaxından tanış olmaq imkanı yaradır.
AZƏRTAC xəbər verir ki, Azərbaycan, Rusiya, İsrail, ABŞ, İtaliya, Litva və Sloveniyadan dünya şöhrətli dirijorların, görkəmli musiqiçilərin, bədii kollektivlərin və solistlərin iştirak etdikləri IX Qəbələ Beynəlxalq Musiqi Festivalında səsləndirilən Azərbaycan və Avropa bəstəkarlarının əsərləri böyük tamaşaçı marağına səbəb olur. Festival günlərində Qəbələdə böyük izdiham yaşanır, xüsusi ab-hava hökm sürür.
Beynəlxalq musiqi bayramının proqramına uyğun olaraq iyulun 30-da Qəbələ şəhərindəki Heydər Əliyev Konqres Mərkəzinin kamera zalında Azərbaycanın tanınmış gənc pianoçularının və musiqiçilərin iştirakı ilə kamera konserti olub. Bir sıra beynəlxalq müsabiqələrin qalibləri, adları Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı”na daxil edilən, Prezident təqaüdçüləri Nərmin Nəcəfli və Atabala Manafzadə pianoda ifa ediblər.
Həmçinin “Furioso” kvartetinin konserti də böyük marağa səbəb olub. Məlumat verilib ki, “Furioso” kvarteti Bakı Musiqi Akademiyasının ifaçılıq fakültəsinin dekanı, professor Nazmiyyə Abbaszadənin rəhbərliyi və tələbələr Süleyman Babakişizadə (violin), Zərifə Alxasova (violin), Üzeyir Mahmudbəyli (viola), Murad İbrahimov (violonçel) və Kəmalə Neymanovanın (piano) iştirakı ilə 2011-ci ildən fəaliyyətə başlayıb.
Konsertdə bəstəkarlar G.Enesku, V.A.Motsart, A.Dvorjak, F.Şopen və K.Debüssinin əsərləri səsləndirilib.
Xatırladaq ki, Heydər Əliyev Fondunun təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyinin, “Gilan Holdinq”in dəstəyi ilə keçirilən IX Qəbələ Beynəlxalq Musiqi Festivalı avqustun 3-də başa çatacaq.