REGİONLAR


Qəbələdə “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiya başa çatıb

A+ A

Qəbələ, 20 noyabr, Şahnəzər Bəşirov, AZƏRTAC

Respublikamızın şəhər və rayonlarının IX-XI sinif şagirdləri üçün “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiya uğurla başa çatıb.

AZƏRTAC xəbər verir ki, Qəbələ-Şəki-Zaqatala-Qəbələ marşrutu üzrə keçirilən tur-aksiyada iştirak edən Şirvan, Xızı, Tovuz, Siyəzən, Şabran, İmişli, Göygöl, Füzuli, Xaçmaz, Qusar və Quba məktəblilərindən ibarət 11 qrupun üzvləri noyabrın 20-də Qəbələdən yaşadıqları rayonlara yola düşüblər.

Yola düşməzdən əvvəl şagirdlər Azərbaycan İntellektual Klublar Assosiasiyasının təşkilatçılığı ilə “Qafqaz Karvansaray” otelində keçirilən “Nə? Harada? Nə zaman?” adlı intellektual oyunda iştirak ediblər. Məktəblilərin bilik və bacarıqlarını nümayiş etdirdikləri oyun gərgin mübarizə şəraitində keçib. Ümumilikdə 50-dən çox komandanın iştirak etdiyi oyunun nəticələrinə görə İmişli məktəbliləri 1-ci, Xaçmaz şagirdləri 2-ci, Qusar komandası isə 3-cü yerə layiq görülüb. Qaliblərə kubok, medal və sertifikatlar təqdim olunub.

Sonra tur-aksiya iştirakçıları “Qəbələnd” İstirahət və Əyləncə Mərkəzində olublar. Məktəblilər müxtəlif oyun aparatları və attraksionlardan istifadə edərək əyləniblər.

Qəbələ Rayon İcra Hakimiyyətinin və təhsil şöbəsinin məsul işçiləri tərəfindən yola salınan tur-aksiya iştirakçıları onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər. Sonra “Qafqaz Yeddi Gözəl” və “Qafqaz Karvansaray” otellərinin qarşısından şagirdləri yaşadıqları rayonlara aparan avtobus karvanı yola düşüb.

Qeyd edək ki, 11 şəhər və rayondan 440 məktəbli tur-aksiyanın proqramına uyğun olaraq noyabrın 17-20-də Qəbələ, Şəki və Zaqatala rayonlarının sosial-iqtisadi inkişafı istiqamətində görülən işlər, son illərdə inşa edilən sosial obyektlər, əyləncə və istirahət mərkəzləri, tarixi-mədəni abidələr, turizm obyektləri və muzeylərlə tanış olublar. Maarifləndirmə xarakteri daşıyan bu tur-aksiya zamanı məktəblilərə bölgənin tarixi, adət-ənənələri, coğrafiyası, turizm obyektləri, tarixi-mədəni abidələri haqqında məlumat verilib. Şagirdlərin iştirakı ilə intellektual oyunlar, müxtəlif viktorinalar keçirilib, musiqili-əyləncəli gecə təşkil olunub. Ekskursiya zamanı gözəl təbiət qoynunda istirahət edən, mənzərəli guşələrdə xatirə şəkilləri çəkdirən məktəblilər Qəbələdən xoş təəssüratlarla ayrılıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.