REGİONLAR


Qəbələdə VIII Beynəlxalq Musiqi Festivalının təntənəli açılış mərasimi olub VİDEO

A+ A

VIII Qəbələ Beynəlxalq Musiqi Festivalı sərhəd və rəqabət tanımayan musiqi dünyasında gözəl birlik hissi bəxş edən daha bir bayrama çevriləcək

Qəbələ, 30 iyul, Şahnəzər Bəşirov, AZƏRTAC

İyulun 30-da Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Qəbələdə keçirilən VIII Beynəlxalq Musiqi Festivalının rəsmi açılış mərasimi olub.

AZƏRTAC xəbər verir ki, Qəbələ şəhərindəki Heydər Əliyev Konqres Mərkəzinin qarşısında açıq havada quraşdırılan möhtəşəm səhnədə keçirilən mərasimdə əvvəlcə Azərbaycanda musiqi mədəniyyətinin inkişafı və təbliğində müstəsna rol oynayan Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın festival iştirakçılarına təbrik məktubu oxunub.

Məktubda deyilir: “Əziz dostlar!

Qəbələ Musiqi Festivalı yenidən öz qapılarını iştirakçılarının və qonaqlarının üzünə açır.

Bizim festival Azərbaycanın ən gözəl guşələrindən biri olan Qəbələdə keçirilir. Bu gün qala divarlarının və məbədlərin qalıqları bu şəhərin qədim zamanlarda əfsanəvi dövlətin – Qafqaz Albaniyasının paytaxtı olduğunu xatırladır. Məhz Qafqaz Albaniyası dövründən tolerantlıq ənənələrinin qorunub saxlanıldığı, müxtəlif xalqların və dinlərin nümayəndələrinin əsrlər boyu sülh içində yaşadığı, mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun təşviqi və inkişafına daim öz töhfəsini verən Azərbaycan son illər beynəlxalq musiqi və incəsənət festivallarının, konfrans və sərgilərin, idman yarışlarının keçirildiyi məkan kimi tanınmaqdadır.

2009-cu ildə Qəbələdə musiqi festivalının keçirilməsi ilə milli musiqi mədəniyyəti tarixində yeni ənənənin təməli qoyuldu. Beynəlxalq mədəni əlaqələrin genişləndirilməsi, zəngin musiqi mədəniyyətimizin dünya ictimaiyyətinə çatdırılması, xalqlar arasında qarşılıqlı anlaşma və dostluğun möhkəmləndirilməsi işinə xidmət edən bu festival artıq gözəl bir ənənəyə çevrilərək öz beynəlxalq nüfuzunu ildən-ilə artırır.

Qəbələ artıq tanınmış musiqiçilərin, tamaşaçıların, sənətsevərlərin sevimli görüş yeridir. Festival Azərbaycanın və bütün Cənubi Qafqazın mədəni həyatında mühüm hadisəyə çevrilib.

Dünyanın bir çox ölkəsindən çoxsaylı musiqiçilərin iştirak etdiyi bu dostluq və musiqi bayramı mədəni irsimizin zəngin ənənələrinin qorunub saxlanılması ilə yanaşı, müxtəlif ölkələri təmsil edən musiqiçilərə ünsiyyət və əməkdaşlıq üçün əlverişli şərait yaradaraq, mədəniyyətlərarası dialoqun möhkəmləndirilməsinə öz töhfəsini verir.

Əminəm ki, indiki festival sərhəd və rəqabət tanımayan musiqi dünyasında bizə gözəl birlik hissi bəxş edəcək daha bir bayrama çevriləcəkdir.

Bütün iştirakçılara və qonaqlara uğurlar və festivalımızın heyranedici mühitində xoş ünsiyyət arzulayıram”.

Sonra Xalq Artisti Rauf Abdullayevin dirijorluğu ilə Azərbaycan Dövlət Simfonik Orkestrinin konserti olub. Mindən çox tamaşaçının dinlədiyi konsertdə Üzeyir Hacıbəylinin, Niyazinin, Fikrət Əmirovun, Qara Qarayevin, Cakomo Puççinin, Cüzeppe Verdinin, C.Rossininin əsərləri səsləndirilib. İfaçılar - Dövlət Akademik Opera və Balet Teatrının solisti, Xalq Artisti Samir Cəfərovun, Azərbaycan Televiziya və Radiosunun solisti Aytac Şıxəlizadənin çıxışları alqışlarla qarşılanıb.

Daha sonra festivalın xüsusi qonağı olan bəstəkar və müğənni, Xalq Artisti və Əməkdar İncəsənət Xadimi, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu səhnəyə çıxıb. O, Qəbələ Beynəlxalq Musiqi Festivalının əhəmiyyətindən danışıb, belə bir musiqi bayramının təşkilinə görə Azərbaycan Prezidenti İlham Əliyevə və Birinci xanım Mehriban Əliyevaya təşəkkürünü bildirib. Xalq və bəstəkar musiqilərini səsləndirən Polad Bülbüloğlunu gənc dirijor Murtuza Bülbülün idarəsi ilə Azərbaycan Dövlət Simfonik Orkestri müşayiət edib.

Birinci xanım Mehriban Əliyevanın məktubunda qeyd edildiyi kimi, Qəbələ Beynəlxalq Musiqi Festivalı artıq gözəl bir ənənəyə çevrilib, öz möhtəşəmliyi ilə xarici və yerli musiqiçilərin dərin rəğbətini qazanıb. Azərbaycan Prezidenti İlham Əliyev və ölkəmizin birinci xanımı Mehriban Əliyeva artıq neçə ildir ki, bu musiqi festivalının respublikamızın dilbər guşəsi olan Qəbələdə keçirilməsinə yaxından dəstək verirlər. Bu beynəlxalq musiqi festivalı ölkəmizdə multikultural dəyərlərə böyük önəm verildiyinin göstəricisidir. Musiqinin gücü o qədər qüdrətli və sərhədsizdir ki, dünyanın müxtəlif ölkələrindən bu festivala gələn məşhur solistlərin, orkestrlərin ifası ilə mənəvi yaxınlığı hiss etməyə imkan verir.

Musiqisevərlərin çoxdan gözlədiyi gün gəlib çatıb və artıq Qəbələ Beynəlxalq Musiqi Festivalı öz qapılarını yenidən sənətsevərlərin üzünə açıb. Heydər Əliyev Fondunun təşəbbüsü ilə 2009-cu ildən keçirilən festival ildən-ilə böyüyən tamaşaçı auditoriyası və ahəngdar musiqi keyfiyyəti ilə diqqəti cəlb edir. Ölkəmizdə elan olunan “Multikulturalizm ili” çərçivəsində keçirilən tədbirlərin sırasında yer alan Qəbələ Beynəlxalq Musiqi Festivalının builki proqramı hər il olduğu kimi çox zəngindir.

Festivalın proqramına uyğun olaraq Qəbələ səhnəsində Azərbaycanın və dünyanın dahi bəstəkarlarının əsərləri səsləndirilir. Gənc ifaçılarla yanaşı, dünya şöhrətli musiqiçilər də səhnəyə çıxırlar. Burada klassik və kamera musiqisi, muğamlarımız ifa olunur. Bu günlərdə isə Qəbələdə pianoçuların beynəlxalq müsabiqəsi də keçiriləcək.

Avqustun 5-dək davam edəcək VIII Beynəlxalq Musiqi Festivalında Azərbaycan, Avstriya, Bolqarıstan, Rusiya, Türkiyə, Ukrayna, ABŞ, İtaliya, Fransa, İspaniya, İsrail, Litva və Kubadan olan görkəmli musiqiçilər, bədii kollektivlər, solistlər, dirijorlar iştirak edirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.