SİYASƏT
Qəbələdə V Azərbaycan-Rusiya Regionlararası Forumu başa çatmışdır VİDEO
Qəbələ, 24 iyun (AZƏRTAC, Elşən Şahbalayev). İyunun 23-24-də Qəbələdə “Regionlararası əməkdaşlıq: yeni inkişaf imkanları” mövzusunda keçirilən V Azərbaycan-Rusiya Regionlararası Forumu işini başa çatdırmışdır.
AZƏRTAC xəbər verir ki, yekun plenar iclasda forumda keçirilən “dəyirmi masa” moderatorlarının hesabatları dinlənilmişdir. Forumda ümumilikdə kənd təsərrüfatı, turizm, bank işi, sahibkarlıq sahəsində əlaqələrə və əməkdaşlığın perspektivlərinə, humanitar əlaqələrə, nəqliyyat, energetikaya dair “dəyirmi masa”lar keçirilmişdir.
Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev bildirmişdir ki, forum geniş mövzuları əhatə etmiş, səmərəli müzakirələr aparılmışdır.
Çıxış edənlər bildirmişlər ki, Forum çərçivəsində iclaslarda turizm sahəsində yeni əməkdaşlıq imkanları, hər iki ölkənin turizm potensialı müzakirə edilmiş, kənd təsərrüfatı sahəsində təcrübəyə, bu sahədə tətbiq olunan qabaqcıl texnologiyalara və yeniliklərə dair ətraflı fikir mübadiləsi aparılmış, şirkətlər tərəfindən müxtəlif təqdimatlar keçirilmişdir.
Eyni zamanda, Azərbaycan tərəfdən Mərkəzi Bankın və bir sıra kommersiya banklarının, Sahibkarlığa Kömək Milli Fondunun, Rusiya tərəfdən isə müxtəlif bankların nümayəndələrinin qatıldığı bankçılıq üzrə “dəyirmi masa”da Azərbaycan və Rusiya bankları arasında əməkdaşlığın inkişaf tarixi, əldə olunan nailiyyətlər, birgə həyata keçirilmiş layihələr və əməkdaşlığın perspektivləri müzakirə olunmuşdur.
İclaslar çərçivəsində hər iki ölkənin sahibkarları əməkdaşlıq imkanlarını araşdırmışlar. Bundan əlavə, tərəflər humanitar sahədə yüksək səviyyədə olan əlaqələri daha da genişləndirməklə bağlı fikir mübadiləsi aparmışlar. Azərbaycan və Rusiyanın energetika və nəqliyyat sahələrində uğurlu əməkdaşlığı qeyd edilmiş, perspektivdə görüləcək işlərdən danışılmışdır.
Rusiyanın regional inkişaf naziri İqor Slyunyayev qeyd etmişdir ki, forumun işini il ərzində dəstəkləmək lazımdır və bunun üçün seminarlar keçirmək mümkündür.
Sonda çıxış edən Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev forumun iştirakçılarına təşəkkür etmiş, müzakirələrin səmərəli və işgüzar şəraitdə keçdiyini demişdir. Nazir bildirmişdir ki, növbəti VI Rusiya-Azərbaycan Regionlararası Forum gələn il Rusiyanın Yekaterinburq şəhərində keçiriləcəkdir.