REGİONLAR
Qəbələdə atıcılıq idmanı tarixində ilk dəfə mix team növü üzrə sınaq yarışları keçirilib VİDEO
Qəbələ, 22 sentyabr, Şahnəzər Bəşirov, AZƏRTAC
Qəbələ rayonunda olimpiya atıcılıq növləri üzrə Dünya Kuboku yarışları başa çatıb. Təlim-məşq toplanışlarında və mötəbər yarışlarda iştirak edən 27 ölkənin 281 idmançısı, atıcılıq federasiyalarının nümayəndələri, idmançıların məşqçiləri və hakimlər, texniki işçilər, eləcə də Beynəlxalq İdman Atıcılıq Federasiyasının rəhbər şəxsləri yarışların yüksək səviyyədə təşkilindən razı qalıblar.
AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə müsahibəsində “Qəbələ” Atıcılıq Klubunun vitse-prezidenti Elvin İsmayılov deyib. O qeyd edib ki, artıq bir neçə ildir Qəbələdəki Stend və Ox Atıcılığı Kompleksində beynəlxalq turnirlər, Dünya Kuboku və Qran-Pri yarışları uğurla təşkil olunur. Yarışlar zamanı idmançılar və qonaqlar üçün hər cür şərait yaradılır. Bu gün Qəbələdə dünyanın atıcılıq idmanı tarixində daha bir uğura imza atılıb. Sentyabrın 22-də güllə atıcılığı kompleksində Dünya Kuboku yarışlarının iştirakçıları arasında ilk dəfə olaraq atıcılığın yeni bir növü olan mix team üzrə birincilik keçirilib.
“Beynəlxalq İdman Atıcılıq Federasiyasının və iştirakçı ölkələrin atıcılıq federasiyalarının rəsmi nümayəndələrinin iştirakı ilə keçirilən sınaq xarakterli bu yarışda tüfəng və tapançadan 10, 25 və 50 metr məsafəyə müxtəlif mövqelərdə atəşaçma yarışında bir oğlan və bir qız birgə olaraq komanda şəkilində eyni vaxtda yarışıblar. Mütəxəssislərin fikrincə, atıcılıq tarixində dünyada ilk sınaq yarışı olan bu mix team növü üzrə birincilik uğurlu alınıb. Gələcəkdə Beynəlxalq İdman Atıcılığı Federasiyası tərəfindən bu yeni növ üzrə yarışların təşkil edilməsi nəzərdə tutulur”, - deyə Elvin İsmayılov bildirib.
“Qəbələ” Atıcılıq Klubunun vitse-prezidenti məlumat verib ki, olimpiya atıcılıq növləri üzrə gənclər arasında Dünya Kuboku uğrunda yarışlarda ölkəmizi 25 idmançı təmsil edib. Onlardan 11-i stend, 14-ü isə güllə atıcılığı yarışlarında bacarığını nümayiş etdirib. Bu yarışda idmançılarımız mükafat qazanmasa da, Dünya Kuboku onlar üçün böyük təcrübə məktəbi oldu.
E.İsmayılov Qəbələdə güllə atıcılığı üzrə yarışların 10 olimpiya növü və 2 qeyri-olimpiya, stend atıcılığı üzrə yarışların isə 5 olimpiya növü üzrə keçirildiyini bildirərək deyib: “Oğlan və qızlar dairəvi stend, səngər stend və qoşa səngər stend yarışlarında, eləcə də tapança və tüfəngdən 10, 25 və 50 metr məsafəyə müxtəlif mövqelərdə atəş açmaq yarışlarında bacarıqlarını nümayiş etdiriblər. Bu il ilk dəfə olaraq gənclər arasında Dünya Kuboku uğrunda yarışlar keçirilib. Gənclərin Dünya Kuboku yarışlarının ilk mərhələsi bu ilin əvvəlində Almaniyanın Zul şəhərində, ikinci mərhələsi isə sentyabrın 18-22-də Qəbələdə təşkil olunub. Beynəlxalq İdman Atıcılıq Federasiyasının təqvim planına uyğun olaraq keçirilən bu yarış Avropa və dünya çempionatından sonra ən mühüm yarışlar sırasındadır”.