REGİONLAR


Qəbələdə daha min hektar sahədə yeni fındıq bağlarının salınması üçün işlər görülür

A+ A

Qəbələ, 4 dekabr, Şahnəzər Bəşirov, AZƏRTAC

Kənd təsərrüfatının ixrac potensialı yüksək sahələrindən olan fındıqçılığın inkişaf etdirilməsinə dair Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıqlarının icrasını təmin etmək məqsədilə Qəbələ rayonunda yeni fındıq bağlarının salınması istiqamətində məqsədyönlü iş aparılır.

Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, dövlətimizin başçısı İlham Əliyevin rayonlarda yeni fındıq bağlarının salınması barədə tapşırıq və tövsiyələri Qəbələ sakinləri tərəfindən böyük rəğbətlə qarşılanıb. Bu tapşırıqdan sonra rayonda yeni fındıq bağlarının salınması ilə əlaqədar mövcud potensialın araşdırılması, habelə Qəbələdə bar verən 3480 hektar fındıq bağının nəzarətə götürülərək ağaclara mütəxəssislər tərəfindən aqrotexniki qulluq işlərinin göstərilməsi istiqamətində tədbirlərə başlanılıb. Bu məqsədlə xüsusi qərargah yaradılıb. Artıq bir aydan çoxdur ki, bölgənin ən böyük fındıqçılıq rayonu olan Qəbələnin kəndlərində əhali arasında geniş maarifləndirmə işləri aparılmaqla yanaşı, kütləvi şəkildə fındıq tinglərinin əkilməsi işləri görülür. Cari ildə rayonda 630 hektar sahədə yeni fındıq bağı salınıb və hazırda bu istiqamətdə işlər sürətlə davam etdirilir.

Hər il rayonda 100-120 hektar sahədə yeni fındıq bağı salınırdı. Bu il isə Qəbələdə min hektar sahədə yeni fındıq bağlarının salınması qarşıya məqsəd kimi qoyulub. Rayon icra hakimiyyətinin dəstəyi ilə Mirzəbəyli, Zərgərli, Tikanlı, Nic, Mıxlıqovaq, Solqıca, Bum və digər kəndlərin sakinləri istifadə etdikləri və bələdiyyə mülkiyyətində olan boş torpaq sahələrini kol-kosdan həvəslə təmizləyərək əraziyə fındıq tingləri əkirlər. Tinglər kəndlilərin fərdi təsərrüfatlarında mövcud fındıq bağlarından çıxarılaraq sakinlərə paylanılır. Bundan əlavə, “Gilan Holdinq” tərəfindən də hazırda rayonda böyük fındıq bağlarının salınması üçün tədbirlər görülür.

Cari mövsümdə rayonda mövcud olan 3480 hektar bar verən fındıq bağından 8200 ton məhsul yığılıb. Kəndlilər məhsulu yerli bazarlara çıxarmaqla yanaşı, bir kiloqramını 5 manata fındıq qəbulu məntəqələrinə də satıblar. Rayonda fındıq emalı zavodu fəaliyyət göstərir ki, bu da kəndlilərin ildən-ilə fındıq bağlarını daha genişləndirməyə və məhsuldarlığı artırmağa həvəsləndirir. Hazırda ağac əkini ilə yanaşı, mövcud bağlarda becərmə işləri, əsasən də budama aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.