REGİONLAR
Qəbələdə ilk dəfə 48 nəfər 600-dən yuxarı bal toplayıb
Qəbələ, 4 avqust, Şahnəzər Bəşirov, AZƏRTAC
Qəbələ rayonunun orta ümumtəhsil məktəblərini bitirən məzunlar ali məktəblərə keçirilən qəbul imtahanlarında yüksək nəticələr əldə ediblər.
Rayon təhsil şöbəsindən AZƏRTAC-a bildiriblər ki, cari ildə Qəbələnin ümumtəhsil məktəblərində buraxılış imtahanlarını müvəffəqiyyətlə verən məzunlardan 1452 nəfər şəhadətnamə, 1454 nəfər tam orta təhsil kursu üzrə attestat, həmçinin 14 nəfər fərqlənmə şəhadətnaməsi, 5 nəfər isə qızıl medal alıb. Rayonun ümumtəhsil məktəbləri üzrə müvəffəqiyyət göstəricisi 99,2 faiz, keyfiyyət göstəricisi isə 65,1 faiz olub.
Qəbələli məzunlardan 810 nəfər ali məktəblərə keçirilən qəbul imtahanlarında iştirak edib. Ali məktəblərə daxil olan abituriyentlərdən 48 nəfəri 600-dən yuxarı bal toplayıb. Bu nailiyyət Qəbələnin təhsili tarixində ən böyük göstərici hesab olunur. Məlumata görə, ötən illə müqayisədə builki abituriyentlər daha yüksək nəticələr əldə ediblər. Keçən il tələbə adını qazanan abituriyentlərdən 27 nəfər 600-dən yuxarı bal toplamışdı.
Bu il rayonun məzunları arasında ən yüksək nəticəni Vəndam qəsəbə 3 saylı tam orta məktəbin məzunu Əfəndiyeva Xəyalə Rəvan qızı əldə edib. O, ali məktəblərə keçirilən III ixtisas qrupu üzrə qəbul imtahanlarında 700 bal toplayıb. I ixtisas qrupu üzrə imtahanlarda Həmzəli kənd orta məktəbinin məzunu Sıracbəyli Zöhrə Kamran qızı, IV ixtisas qrupu üzrə qəbul imtahanlarında isə Qəbələ şəhər 1 saylı tam orta məktəbin məzunu Şirinbəyli Təranə Seymur qızı 695 bal toplayıblar.
Xatırladaq ki, ötən dərs ilində Qəbələ məktəblilərindən 5 nəfəri bir qızıl, bir gümüş, üç bürünc olmaqla, respublika fənn olimpiadalarında medal qazanıb.