CƏMİYYƏT


Qəbələdə ilk peşə-ixtisas təhsilinə həsr olunmuş tədbir keçirilib

A+ A

Bakı, 5 sentyabr, AZƏRTAC

Qəbələdə Təhsil Nazirliyi və BMT-nin İnkişaf Proqramının (UNDP) təşkilatçılığı ilə Qəbələ Peşə Məktəbində tətbiqi planlaşdırılan “Kənd təsərrüfatı üzrə yeni ixtisaslar” mövzusunda təqdimat keçirilib.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, tədbirin məqsədi Qəbələ Peşə Məktəbi ilə özəl sektor arasında əməkdaşlığın gücləndirilməsinə dəstək verməkdən ibarətdir.

Qəbələ Rayon İcra Hakimiyyəti başçısının müavini Arif Allahverdiyev layihənin rayon üçün əhəmiyyətindən söhbət açıb.

Təhsil Nazirliyinin beynəlxalq əməkdaşlıq şöbəsinin müdir müavini Pərviz Yusifov Qəbələ Peşə Məktəbinin yenidən qurulması üzrə həyata keçirilən tədbirlər və bu istiqamətdə beynəlxalq təşkilatlarla birgə reallaşdırılan layihələr haqqında məlumat verib. P.Yusifov Qəbələ Peşə Məktəbinin bazasında beynəlxalq ekspertlərin iştirakı ilə hazırlanmış kənd təsərrüfatı ixtisasları üzrə Müasir Tədris Mərkəzinin yaradılması istiqamətində işlərin həyata keçirildiyini, yeni tədris korpusu, emalatxana və təlim kabinetlərinin tikinti işlərinin davam etdirildiyini vurğulayıb. Qeyd olunub ki, layihə çərçivəsində əmək bazarının tələblərinə cavab verən yeni ixtisasların və dərs vəsaitlərinin hazırlanması, müəllim-pedaqoji heyət üçün təlimlərin təşkili planlaşdırılır.

BMT-nin İnkişaf Proqramının nümayəndəsi Eltəkin Ömərov “Böyük Qafqaz landşaftında dayanıqlı torpaq və meşə idarəçiliyi” və “EC ClimaEast Pilot”, “İqlim dəyişikliyinə ekosistem əsaslı yanaşma” layihələri çərçivəsində "Heyvandarlıq mütəxəssisi" ixtisası üzrə dərs vəsaitlərinin işləndiyini bildirib.

Tədbirdə BP şirkətinin maliyyələşdirdiyi “Kənd təsərrüfatında yeni peşə ixtisaslarının hazırlanması” layihəsi çərçivəsində “British Counsil” təşkilatı tərəfindən “Bitkiçilik mütəxəssisi" və “Aqroservis mütəxəssisi” ixtisası üzrə dərs vəsaitlərinin hazırlandığı diqqətə çatdırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.