İDMAN
Qəbələdə kikboksinq üzrə “Glory Ranked Fights” Beynəlxalq turniri başa çatmışdır VİDEO
Qəbələ, 30 iyun (AZƏRTAC, Şahnəzər Bəşirov). Qəbələ Olimpiya İdman Kompleksində kikboksinq üzrə “Glory Ranked Fights” Beynəlxalq turniri keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, əvvəlcə aşağı çəkidə olan idmançılar arasında beş döyüş olmuşdur.
Daniel Korbeanu (Rumıniya) və Rahim Əliyev (Azərbaycan) arasında keçirilən döyüşün ilk üç raundunda qalib müəyyənləşməmişdir. Əlavə vaxtda isə Daniel Korbeanu qələbə qazanmışdır. Roman Mayılov (Ukrayna) və Matyuş Kopyek (Polşa) arasında keçirilən üç raundluq döyüşün yekununda Roman Mayılov qalib elan olunmuşdur. Quo Xianfenq (Çin)-Ramal Aslanov (Azərbaycan) döyüşündə ilk raundda idmançımız rəqibini nokauta salaraq qalib gəlmişdir. Yuri Kel (Almaniya) və Telman Süleymanov (Azərbaycan) arasında mübarizənin ikinci raundunda idmançımız nokauta düşərək məğlub olmuşdur. Teo Mikeliç (Xorvatiya) və Tadas Jonkus (Litva) arasındakı üç raundluq döyüş isə Xorvatiya idmançısının xeyrinə başa çatmışdır.
Sonra isə yarışın ən maraqlı hissəsi başlamışdır. Tamaşaçıların səbirsizliklə gözlədikləri bu mərhələdə ağır çəkidə döyüşən tanınmış idmançılar üz-üzə gəlmişlər. Lim Çi Bin (Koreya Respublikası) və Mosab Amrani (Mərakeş) arasında döyüşün elə ilk raundunda mərakeşli rəqibini ayaq zərbələri ilə iki dəfə nokauta salmışdır. Lim Çi Bin nokautdan sonra ikinci hissədə döyüşü davam etdirə bilməmişdir. Jiao Fukai (Çin) və Pərviz Abdullayev (Azərbaycan) arasındakı döyüşdə inamla mübarizə aparan idmançımız ikinci raundda rəqibini nokauta salaraq təmiz qələbə qazanmışdır.
Sonra aşağı çəkidə mübarizə aparan döyüşçülər arasında yarımfinal görüşləri başlanmışdır. Roman Mayılov (Ukrayna)-Ramal Aslanov (Azərbaycan) görüşündə azərbaycanlı döyüşçü qalib elan olunmuşdur. Yuri Kel (Almaniya) və Teo Mikeliç (Xorvatiya) arasındakı döyüşün əlavə vaxtında xorvatiyalı idmançı qələbə qazanmışdır.
Erkan Varol (Türkiyə)-Albert Kraus (Hollandiya) görüşün ilk üç raundunda qalib müəyyənləşmədiyindən əlavə raunddan sonra hakimlərin qərarı ilə Albert Kraus qalib elan edilmişdir. Ağır çəki dərəcəsində yarışan idmançıların - Camal Ben Saddiq (Mərakeş)-Hesdi Gergesin (Misir) qarşılaşmasında döyüş başlayan kimi Mərakeş idmançısı qaydaları kobud şəkildə pozmuşdur. Hakimlər idmançını yarışlardan kənarlaşdırmışlar. Hesdi Gerges isə kuboku könülsüz qəbul etmişdir.
Sonda aşağı çəkidə olan döyüşçülər arasında final qarşılaşması olmuşdur. Ramal Aslanov (Azərbaycan)-Yuri Kel (Almaniya) döyüşündə ikinci qalib elan olunmuşdur.
İdmançılara kubokları Azərbaycan Taekvondo Federasiyasının birinci vitse-prezidenti və Fövqəladə Hallar Nazirliyi İdman Klubunun rəisi Füzuli Musayev, gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov və “Qəbələ” İdman Klubunun vitse-prezidenti Fariz Nəcəfov təqdim etmişlər.