İDMAN
Qəbələdə kişilər arasında pnevmatik tüfəngdən 10 metr məsafəyə atəşaçma yarışının qalibi məlum olub VİDEO
Qəbələ, 10 avqust, Şahnəzər Bəşirov, AZƏRTAC
Qəbələ Stend və Ox Atıcılığı Kompleksində keçirilən olimpiya atıcılıq növləri üzrə Dünya Kuboku yarışları uğurla davam edir.
AZƏRTAC xəbər verir ki, avqustun 10-da kişilər arasında keçirilən pnevmatik tüfəngdən 10 metr məsafəyə atəşaçma yarışlarının final mərhələsi başa çatıb. Yarışda Cao Yifei (Çin) 207 xalla birinci, Kim Sang Do (Koreya) 206 xalla ikinci, Gorsa Petar (Xorvatiya) 186 xalla üçüncü yeri tutub.
Qeyd edək ki, hazırda qadınlar arasında kiçik çaplı tapançadan 25 metr, kişilər arasında isə tapançadan 50 metr məsafəyə atəşaçma yarışları keçirilir. Bu yarışlarda Azərbaycanı qadınlardan Nigar Nəsirova, Zərifə Qasımova, Xəyalə Hüseynli, Leyla Mirzəzadə, Rübabə Quluzadə, Ülviyyə Eyvazova, kişilərdən Ülfan Axundov, Elvin Astanov, Məmmədəli Abdullayev və Rəsul Məmmədov təmsil edir.
Atıcılığın 17 növü üzrə keçirilən bu yarışlarda dünya reytinq cədvəlində xüsusi yer tutan olimpiya atıcılıq növləri üzrə 100-ə yaxın ölkədən 2 minədək idmançı iştirak edir. Ölkəmiz bu mötəbər yarışlarda 27 idmançı ilə təmsil olunur.