MƏDƏNİYYƏT
Qəbələdə məşhur “Anadolu Atəşi” rəqs qrupunun konserti olub
Qəbələ, 22 mart, Şahnəzər Bəşirov, AZƏRTAC
Beynəlxalq tədbirlərin və görüşlərin məkanı olan Qəbələ şəhərindəki Heydər Əliyev adına Konqres Mərkəzində Novruz bayramı münasibətilə Türkiyənin məşhur rəqs qrupu olan “Anadolu Atəşi”nin xüsusi konsert proqramı keçirilib.
AZƏRTAC xəbər verir ki, konserti izləyənlər arasında yerli sakinlərlə yanaşı, Novruz bayramını Qəbələdə qeyd etmək üçün rayona gələn xarici turistlər də var idi. Ümumilikdə, mindən çox tamaşaçının iştirak etdiyi konsertdə rəqs qrupunun çıxışı böyük marağa səbəb olub. Konsertin Novruz bayramı günü keçirilməsi qonaqlara əsl mədəni həzz yaşadıb.
“Anadolu Atəşi” rəqs qrupu indiyədək 93 ölkədə 3850 canlı rəqs performansı ilə 31 milyondan çox tamaşaçı tərəfindən izlənilib. Qrupun rəqslərinin əsasını mədəniyyətlərin qovuşması və dünyəvi dəyərləri aşılamaq olub. Rəqs qrupunun çıxışları tarixən Anadolunun mifoloji və kultural tarixindən qaynaqlanıb. Rəqslərin əsas ritmləri yüzlərcə xalq rəqsləri və xalq musiqisinin sinxron təcəssümüdür. Qrupun əsas məqsədi Anadolunun sevgi, mədəniyyət və tarixi elementlərinin əks edilməsidir.
Qeyd edək ki, Qəbələ şəhəri artıq 10 ildən çoxdur bir sıra mühüm tədbirlərə ev sahibliyi edir. Bunlardan ən əhəmiyyətlisi Qəbələ Beynəlxalq Musiqi Festivalıdır.