REGİONLAR


Qəbələdə narkomanlığa qarşı mübarizə sahəsində maarifləndirmə işləri genişləndirilib

A+ A

Qəbələ, 25 oktyabr, Şahnəzər Bəşirov, AZƏRTAC

Qəbələ Mədəniyyət Mərkəzində “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2012-2018-ci illər üçün Dövlət Proqramı”na uyğun olaraq rayonda narkomanlığa qarşı mübarizə sahəsində maarifləndirmə işinin aparılması ilə bağlı tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, rayonun təhsil və səhiyyə işçilərinin, gənclərin iştirak etdiyi tədbirdə Qəbələ Rayon İcra Hakimiyyəti başçısının müavini Ətayə Osmanova, Respublika Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupunun üzvü Raqif Allahverdiyev, Səhiyyə Nazirliyinin Narkoloji Mərkəzinin həkim narkoloqu Asif Kəngərli, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin regional mərkəzlərlə iş şöbəsinin müdir müavini Aydın Rəcəbli, Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşı, polis polkovnik-leytenantı Şahin Hüseynov çıxış edib.

Çıxışlarda dövrümüzün ən böyük problemlərindən biri olan narkomanlığa qarşı mübarizə tədbirlərindən danışılıb. Bildirilib ki, bu tədbirin keçirilməsində əsas məqsəd bəşəriyyət üçün faciəyə çevrilən narkomaniya və digər zərərli vərdişlərə qarşı mübarizədə hər kəsi fəal olmağa, ictimaiyyəti bu sahədə maarifləndirməyə səsləməkdir.

Tədbirdə rayonda qeydiyyatda olan narkotik istifadəçiləri sırasında yeniyetmə və gənclərin olmadığı, lakin buna baxmayaraq, narkomaniyaya qarşı mübarizə məqsədilə vətəndaş cəmiyyətinin imkanlarından istifadə edildiyi, gənclər arasında bu kimi zərərli vərdişlərin mənfi fəsadları barədə, onun həyatımıza və sağlamlığımıza təhlükə, mənəviyyatımıza və dinimizə zidd bir həyat tərzi olması barədə məlumatlar verilib. Eyni zamanda, bu sahədə əhali arasında maarifləndirmə işlərinin aparıldığı, mətbuatda məqalələrin dərc edildiyi diqqətə çatdırılıb.

Qəbələ Rayon İcra Hakimiyyəti yanında yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiya tərəfindən təlim-tərbiyə müəssisələrində, məktəblərdə müntəzəm olaraq aidiyyəti təşkilatlarla birlikdə uşaq və yeniyetmələr arasında narkotik vasitələrin və psixotrop maddələrin qeyri-qanuni dövriyyəsinə, onun insan orqanizmi üçün zərərli nəticələrinə və belə hallara qarşı profilaktik tədbirlərin görüldüyü qeyd edilib.

Sonda narkomanlığa həsr edilən “Hədəf” filmi nümayiş olunub, tədbir iştirakçılarına məlumatlandırıcı broşürlər paylanılıb.

Tədbirin sonunda iştirakçıların təklifləri dinlənilib, suallara aydınlıq gətirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.