REGİONLAR


Qəbələdə olimpiya atıcılıq növləri üzrə Dünya Kuboku yarışlarının Təşkilat Komitəsinin iclası olub VİDEO

A+ A

Qəbələ, 17 sentyabr, Şahnəzər Bəşirov, AZƏRTAC

Qəbələ rayonunun Bum qəsəbəsindəki Stend və Ox Atıcılığı Kompleksində sentyabrın 18-dən 23-dək keçiriləcək olimpiya atıcılıq növləri üzrə gənclər arasında Dünya Kuboku yarışlarının Təşkilat Komitəsinin iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, iclasda Beynəlxalq İdman Atıcılıq Federasiyasının texniki nümayəndə heyətinin rəhbəri Karlos Silvo Monterosso, beynəlxalq federasiyanın İcraiyyə Komitəsinin üzvü Vilyam Havier Qrill, Azərbaycan Atıcılıq Federasiyasının baş katibi, yarışların meneceri Emin Cəfərov çıxış edərək yarışlar barədə geniş məlumat veriblər.

27 ölkənin atıcılıq federasiyaları nümayəndələrinin, məşqçi və hakimlərin, texniki işçilərin iştirak etdikləri iclasda təşkilati məsələlər müzakirə edilib, komandaların heyətləri açıqlanıb, idmançıların sayı elan olunub. Yarışlara hazırlıqla bağlı bütün ölkələrin komandaları üçün sentyabrın 16-17-də Stend və Ox Atıcılığı Kompleksində təlim-məşq toplanışlarında iştirak etmək üçün şərait yaradılıb. Atıcıların məşqləri uğurla başa çatıb və onlar yarışlara tam hazırdırlar.

İclasda baş katib Emin Cəfərov bildirib ki, dünya kuboku uğrunda yarışlar qapalı və açıq komplekslərdə atıcılığın stend və güllə atıcılığı növləri üzrə keçiriləcək. Sentyabrın 18-də başlayacaq bu yarışlarda ölkəmizi 25 idmançı təmsil edəcək ki, onlardan 11-i stend atıcılığı, 14-ü isə güllə atıcılığı yarışlarında bacarıqlarını göstərəcək.

“Qəbələ” Atıcılıq Klubu və Azərbaycan Atıcılıq Federasiyasının təşkilatçılığı, Milli Olimpiya Komitəsinin, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə keçiriləcək yarışlarda 27 ölkədən 21 yaşadək 281 nəfər qız və oğlan idmançı iştirak edəcək. Onların arasında dünya və Avropa çempionları, “Rio-2016” Olimpiadasının mükafatçıları da var. Güllə atıcılığı üzrə yarışlar 10 olimpiya növü və 2 qeyri-olimpiya növü üzrə, stend atıcılığı üzrə yarışlar isə 5 olimpiya növü üzrə keçiriləcək. Oğlan və qızlar dairəvi stend, səngər stend və qoşa səngər stend yarışlarında, eləcə də tapança və tüfəngdən 10, 25 və 50 metr məsafəyə atəş açma yarışlarında bacarıqlarını nümayiş etdirəcəklər.

Təşkilat Komitəsinin iclasında məlumat verilib ki, Beynəlxalq İdman Atıcılıq Federasiyasının təqvim planına əsasən hər il keçirilən böyüklərin dünya kuboku yarışlarından fərqli olaraq, gənclər arasında dünya kuboku yarışları bu il ilk dəfə keçirilməyə başlanılıb. Gənclərin Dünya Kuboku yarışlarının ilk mərhələsi bu ilin əvvəlində Almaniyanın Zull şəhərində olub, ikinci mərhələ isə hazırda Qəbələdə təşkil olunur. Yarışlar sentyabrın 23-də başa çatacaq.

Qeyd edək ki, bu yarış Avropa və dünya çempionatından sonra ən mühüm yarışlar sırasındadır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.