REGİONLAR
Qəbələdə referenduma hazırlıq işləri başa çatdırılıb
Qəbələ, 24 sentyabr, Şahnəzər Bəşirov, AZƏRTAC
Sentyabrın 26-da keçiriləcək referendumla bağlı 116 saylı Qəbələ seçki dairəsi dairə seçki komissiyası və onun əhatə etdiyi məntəqə seçki komissiyaları tərəfindən aparılan hazırlıq işləri başa çatdırılıb.
AZƏRTAC xəbər verir ki, referendumun tam şəffaf və demokratik şəraitdə keçirilməsi üçün bütün seçki məntəqələri lazımi texniki avadanlıq və metodiki vəsaitlərlə, fasiləsiz rabitə və elektrik şəbəkəsi ilə təchiz olunub. Vətəndaşların öz seçimlərini sərbəst şəkildə etmələri üçün kabinələr quraşdırılıb, səsvermə qutuları və lazımi avadanlıqlar gətirilərək məntəqələrə paylanılıb, divardan seçici siyahıları və məlumat lövhələri asılıb. Seçki məntəqələrinə səsvermə bülletenləri, protokollar, mürəkkəb və ultrabənövşəyi lampalar, digər zəruri vəsaitlər gətirilib. Referendumun keçirilmə vaxtı və seçki məntəqələrinin yeri barədə səsvermə bildirişləri seçicilərə paylanılıb. Dairə seçki komissiyası tərəfindən 546 nəfər yerli müşahidəçi qeydiyyata alınıb.
116 saylı Qəbələ DSK-nın sədri Ramiz Əsədov AZƏRTAC-a bildirib ki, dəqiqləşdirilmiş son məlumata görə, ümumilikdə 54 seçki məntəqəsi tərəfindən 43 min 484 seçici qeydiyyata alınıb. Onlardan 6 nəfəri yaşı 100-dən yuxarı olan seçicidir, 1138 nəfəri isə səsvermədə ilk dəfə iştirak edəcək gənclərdir. Səsvermə prosesinin internet vasitəsilə onlayn izlənilməsi üçün, ümumilikdə, 10 seçki məntəqəsində veb-kamera quraşdırılıb.
Ramiz Əsədovun sözlərinə görə, referenduma hazırlıqla əlaqədar avqustun 22-dən 24-dək 116 saylı Qəbələ seçki dairəsi dairə seçki komissiyasının üzvləri və məntəqə seçki komissiyalarının sədrləri, sentyabrın 6-dan 9-dək isə məntəqə seçki komissiyalarının üzvləri üçün ixtisaslaşdırılmış kurslar təşkil edilib.