REGİONLAR


Qəbələdə selin fəsadları aradan qaldırılır

A+ A

Qəbələ, 3 sentyabr, Şahnəzər Bəşirov, AZƏRTAC

Qəbələyə yağan güclü yağışdan sonra əmələ gələn sel sularının törətdiyi fəsadlar aradan qaldırılır.

AZƏRTAC xəbər verir ki, dağlardan gələn sel suları rayon ərazisindən keçən Dəmiraparan çayında suyun səviyyəsinin xeyli yüksəlməsinə səbəb olub. Çay kənarında yerləşən Laza kəndini sel basıb, evlərin zirzəmilərinə su dolub, həyətyanı sahələri qalın lil qatı örtüb, küçələrdə keçilməz su gölməçələri əmələ gəlib. Laza kəndi ilə rayon mərkəzinin əlaqəsi kəsilib. Laza kəndində köməksiz vəziyyətdə qalan 53 nəfər Fövqəladə Hallar Nazirliyinin Şimal-Qərb Regional Mərkəzinin xilasetmə qüvvələri tərəfindən xilas edilib.

Laza kəndi ilə rayon mərkəzini birləşdirən avtomobil yolunun lil qatından təmizlənərək nəqliyyatın hərəkətini bərpa etmək üçün işlər görülür. Laza-Küsnət-Qəbələ yolunun bir hissəsi yararsız hala düşdüyündən əraziyə “Azəravtoyol” ASC-nin ağır texnikası və canlı qüvvəsi cəlb olunub.

Sel sularının Qəbələ şəhərinin Sahil küçəsində yaratdığı çətinliklər də aradan qaldırılır, lildən təmizləmə işləri görülür. Yolun asfalt örtüyü və çiyinlər su maşınları vasitəsilə yuyulur. Sel suları Qəbələ şəhərinin içməli su və kanalizasiya borularının bir hissəsini sıradan çıxarıb. Hazırda mütəxəssislər boruların bərpa edilməsi üçün əraziyə baxış keçirirlər. Sel suları çay ətrafındakı bir neçə dəmir və beton elektrik dirəyini aşırıb, naqillər qırıldığı üçün Laza kəndinə elektrik enerjisinin verilişi dayandırılıb. Hazırda “Azərişıq” ASC-nin əməkdaşları kəndə elektrik enerjisinin verilişini bərpa etmək üçün işlər görürlər.

Qeyd edək ki, bu gün Qəbələ rayonunda yağmursuz hava müşahidə olunub. Dəmiraparan çayının suyu azalaraq əvvəlki səviyyəyə düşüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.