REGİONLAR
Qəbələdə taxılçılıqda məhsuldarlıq artıb
Qəbələ, 27 iyun, Şahnəzər Bəşirov, AZƏRTAC
Qəbələ rayonunda taxıl biçini kampaniyası uğurla davam etdirilir. Taxıl istehsalçıları məhsulu vaxtında və itkisiz toplamaq üçün bütün qüvvələrini səfərbər ediblər. Ötən 4 gün ərzində rayonda 3200 hektar sahədə taxılı biçilib. Kəndlilər indiyədək 10 min ton taxıl əldə ediblər.
Rayon icra hakimiyyətinin aqrar şöbəsindən AZƏRTAC-a bildiriblər ki, havanın yağmurlu olması taxıl biçini kampaniyasını qismən ləngidib. Biçin üçün sahələrə 45 ədəd kombayn və 45 ədəd yük maşını cəlb olunub.
Dövlət qayğısından ruhlanan qəbələli fermerlər bu il öz təsərrüfatlarında 22 min 510 hektar sahədə taxıl becəriblər. Bu da ötən ildəkinə nisbətən 1110 hektar çoxdur. Taxıl sahələrinin 16 min 10 hektarını buğda, 6500 hektarını isə arpa təşkil edir. Sahələrdə aqrotexniki tədbirlərin vaxtında və keyfiyyətlə həyata keçirilməsi, ziyanvericilərin qarşısının alınması və hava şəraitinin əlverişli olması nəticəsində bol məhsul yetişib.
Mütəxəssislərin fikrincə, cari ildə məhsuldarlıq ötən illə müqayisədə daha çox - hər hektarda orta hesabla 32 sentner olacaqdır. Hava şəraiti imkan verərsə, rayonda taxıl biçini kampaniyasının iyulun 10-dək başa çatdırılması nəzərdə tutulur. Mexanizator və kombaynçılar taxılın yanğından qorunması və digər təhlükəsizlik qaydalarına əməl edilməsi ilə bağlı təlimatlandırılıblar.
Qeyd edək ki, 2015-ci ildə Qəbələ rayonunda 21 min 300 hektar sahədən 64 min 400 ton taxıl əldə edilmişdi. Məhsuldarlıq isə orta hesabla 30.3 sentner olmuşdu.