REGİONLAR


Qəbələdə tikinti-quruculuq və abadlıq işləri geniş vüsət alıb

A+ A

Qəbələ, 15 oktyabr, Şahnəzər Bəşirov, AZƏRTAC.

Cari ilin doqquz ayında Qəbələ rayonunda iqtisadiyyatın ayrı-ayrı sahələri üzrə 116.648 min manatlıq məhsul istehsal edilib. Keçən ilin müvafiq dövrünə nisbətən ümumi məhsul buraxılışı sənayedə 1928 min manat, yaxud 12,7 faiz, kənd təsərrüfatında 155 min manat, yaxud 0,3 faiz, nəqliyyatda 41 min manat, yaxud 1,5 faiz, rabitədə 64 min manat, yaxud 7,7 faiz, ticarətdə 150 min manat, yaxud 0,6 faiz artıb. Əsas kapitala yönəlmiş investisiyanın həcmi 21599 min manat, tikinti quraşdırma işlərinin həcmi isə 20660 min manat təşkil edib.

AZƏRTAC xəbər verir ki, bu faktlar Qəbələ rayonunda ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunan hesabat yığıncağında səsləndirilib.

Tədbirdə rayon icra hakimiyyətinin başçısı Səbuhi Abdullayev çıxış edərək bildirib ki, hesabat dövründə Yeni Azərbaycan Partiyası Qəbələ rayon təşkilatının inzibati binasında, “Tufandağ otel” kompleksində, “Qəbələ park bulvar” obyektində, Dəmiraparan və Qəmərvan-Bum yolunda çay üzərindəki körpülərdə, Nohurqışlaq-Tüntül-Yengicə avtomobil yolunda, “ASAN xidmət”in inzibati binasında və şəhərdəki 100 yerlik uşaq bağçasının binasında tikinti-quraşdırma işləri başa çatdırılıb və həmin obyektlər istifadəyə verilib. Diqqətə çatdırılıb ki, hazırda bir sıra obyektlərdə tikinti, təmir-bərpa işləri davam etdirilir.

Bildirilib ki, rayonda sosial layihələr də uğurla icra olunur. Hesabat dövründə Qəbələ şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması layihəsinin ikinci mərhələsində işlər aparılıb. Rayonun Bum, Nic qəsəbələrinin, Qəmərvan, Mirzəbəyli və Həmzəli kəndlərinin əhalisi təbii qazla təmin edilib. Ötən müddətdə həyata keçirilən tədbirlər nəticəsində açılan yeni iş yerləri hesabına 837 nəfər münasib işlə təmin edilib.

Sonra idarə və təşkilat rəhbərləri çıxış edərək görülən işlər barədə ətraflı məlumat veriblər.

Yığıncaqda rayonda əhalinin elektrik enerjisi, təbii qaz, rabitə və digər xidmətlərlə təminatının yaxşılaşdırılması, vətəndaşların ərizə və şikayətlərinə baxılması və digər sahələrdə görülən işlər ətraflı təhlil olunub, qarşıda duran vəzifələr müzakirə edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.