MƏDƏNİYYƏT
Qəbələdə turizm və otelçilik üzrə ixtisaslı kadrlar hazırlanır
Qəbələ, 10 fevral (AZƏRTAC). Prezident İlham Əliyevin 2007 -ci il 3 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Texniki-Peşə Təhsilinin İnkişafı üzrə Dövlət Proqramı (2007-2012-ci illər)" Qəbələ rayonunda uğurla icra edilir. Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildirmişlər ki, ölkədə turizm və otelçilik sahəsinin inkişafı məqsədilə müxtəlif peşələr üzrə kadr hazırlayan ilk təhsil ocağı məhz Qəbələ rayonunda yaradılmışdır.
Artıq ikinci ildir ki, fəaliyyət göstərən Qəbələ Turizm və Otelçilik üzrə Peşə Tədrisi Mərkəzində müştəriyə xidmətin təşkili, qəlyanaltıların kulinar xarakteristikası, bar və bufet avadanlığından istifadə qaydaları, qida fiziologiyası, müxtəlif yeməklərin, şirniyyat və içkilərin hazırlanma texnologiyası tədris olunur. Barmen-bufetçi, ofisiant, aşpaz-qənnadıçı ixtisaslarına yiyələnən şagirdlər rayonun istirahət mərkəzlərində, otellərində təcrübə keçərək nəzəri dərslərdə öyrəndiklərini tətbiq edir və biliklərini dərinləşdirirlər. Bu il təhsil ocağında mehmanxana inzibatçısı və mühasib-fərdi kompyuter operatoru ixtisasları üzrə 2 yeni qrup yaradılmış və şagird qəbulu aparılmışdır.
Hazırda 160 şagirdin təhsil aldığı tədris mərkəzi “Turizm ili”nin başlanması münasibətilə www.qebeletedrismerkezi.com adlı yeni internet saytının təqdimatını keçirmişdir. Saytda təhsil ocağının fəaliyyət istiqamətləri, ixtisasları, dərs proqramları, rayonun turizm potensialı, otelləri, sanatoriyaları, idman-sağlamlıq, istirahət və əyləncə mərkəzləri barədə geniş məlumat verilir. “Turizm ili”ndə təhsil ocağında yeni ixtisaslar üzrə tədrisin aparılması nəzərdə tutulur.