REGİONLAR


Qəbələdə tütünçülük, baramaçılıq və fındıqçılığın inkişafı ilə bağlı görülən işlər müsbət nəticə verir

Qəbələ, 12 avqust, Şahnəzər Bəşirov, AZƏRTAC

Avqustun 4-də Prezident İlham Əliyevin sədrliyi ilə Qax rayonunda keçirilən barama, tütün və fındıq istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsində dövlətimizin başçısı tərəfindən verilmiş tapşırıqların icrası ilə bağlı Qəbələ Rayon İcra Hakimiyyətində geniş müşavirə olub.

AZƏRTAC xəbər verir ki, rayonun əlaqədar idarə, müəssisə və təşkilat rəhbərlərinin, fermerlərin, sahibkarların, inzibati ərazi nümayəndələrinin və bələdiyyə sədrlərinin iştirakı ilə keçirilən iclasda icra hakimiyyətinin başçısı Səbuhi Abdullayev çıxış edərək, respublika müşavirəsində Prezident İlham Əliyevin nitqindən irəli gələn vəzifələr barədə məlumat verib. Qeyd edilib ki, dövlətimizin başçısının tapşırığına uyğun olaraq, qarşıdakı dövrdə də kənd təsərrüfatının inkişafı prioritet istiqamətlərdən biri kimi qalacaq.

Diqqətə çatdırılıb ki, Qəbələ rayonunda tütünçülük, baramaçılıq və fındıqçılığın inkişafı ilə bağlı görülən işlər müsbət nəticə verir. Belə ki, 10 illik fasilədən sonra Qəbələdə artıq ikinci ildir tütün əkilir. Ötən il rayonda 50 hektar sahədə tütün əkən fermerlər dövlət dəstəyindən yararlanaraq bu il əkin sahələrini daha 20 hektar genişləndiriblər. Rayonun Mamaylı, Şamılı və Kiçik Əmili kəndlərində indiyədək 31 ton quru tütün tədarük olunub. Mövsümün sonunadək rayonda 250 ton tütün istehsalı gözlənilir.

Bundan əlavə, cari ildə Qəbələ rayonunun kümçüləri 2450 qram ipəkqurdu götürüb və 2758 kiloqram barama təhvil veriblər. Rayonda baramaçılığın inkişafı üçün ötən ilin payızında 22 hektar sahəyə 126 min tut tingi əkilib. Bu ilin payızında daha 20 hektar sahəyə 100 mindən çox tut tinginin əkilməsi nəzərdə tutulur.

Qəbələ həm də fındıqçılıq rayonu kimi məşhurdur. Hazırda rayonda 5927 hektar fındıq bağı mövcuddur. Ötən il rayonda 6240 ton fındıq istehsal edilibsə, bu il 8 min tona yaxın məhsul tədarükü gözlənilir. 2016-cı ildə 900 hektar yeni fındıq bağı salınıb, bu il isə 12 hektar fındıq bağının salınması nəzərdə tutulur.

Müşavirədə rayon kənd təsərrüfatı idarəsinin rəisi Rahib Əhmədov, barama istehsalçısı İlham Şərifov, fındıqçılıq üzrə sahibkar Sidqi Quliyev çıxış edib, bol məhsul əldə olunması üçün görüləcək işlərdən danışıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.