REGİONLAR
Qəbələdə yaşı 800-1000 il olan qiymətli şabalıd ağacları xüsusi mühafizə olunur
Qəbələ, 9 oktyabr, Şahnəzər Bəşirov, AZƏRTAC
Qəbələ rayonunda yaşı min ilə çatan şabalıd ağacları nadir təbiət abidəsi kimi qorunur.
Rayon meşələrin mühafizəsi və bərpası müəssisəsindən AZƏRTAC-a bildiriblər ki, hazırda Qəbələ ərazisində 386 hektar sahədə şabalıd bağları mövcuddur. Cari ildə dövlət meşə fondunun ərazisində 5 hektar sahədə 5500 ədəd keyfiyyətli, dadı və iri meyvəsi ilə tanınan “Xandıx” şabalıdı tingi əkilib.
Eyni zamanda, meşələrdə və həyətyanı sahələrdə yaşı 500-800 il, hündürlüyü 30-40 metr olan irigövdəli qiymətli şabalıd ağacları xüsusi mühafizə olunur. Rayonun Həmzəli kəndində isə yaşı 800-1000 il, diametri 2-2,5 metr olan 10 ədəd nadir şabalıd ağacı təbiət abidəsi kimi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin siyahısına daxil edilib.