REGİONLAR


Qəbələdə yerli icma üzvləri ilə daşqınlar zamanı risklərin azaldılması yolları müzakirə olunub VİDEO

A+ A

Qəbələ, 30 noyabr, Şahnəzər Bəşirov, AZƏRTAC

BMT-nin İnkişaf Proqramı (BMTİP) və Qlobal Ətraf Mühitin Mühafizəsi Fondu (GEF) Fövqəladə Hallar Nazirliyi ilə birgə Qəbələ şəhərindəki “Qafqaz Sport” otelində daşqınların proqnozlaşdırılması və erkən xəbərdarlıq sistemi üzrə seminar təşkil edib.

AZƏRTAC xəbər verir ki, “Böyük Qafqaz regionunda zəif dağ icmaları tərəfindən su və daşqınlar üzrə idarəetməyə iqlim dəyişikliyi risklərinin daxil edilməsi” layihəsi çərçivəsində keçirilən seminarda yerli dağ icmalarının nümayəndələri, qeyri-hökumət təşkilatlarının və tərəfdaş qurumların əməkdaşları, layihənin benefisiarları, yerli və beynəlxalq ekspertlər, icma rəhbərləri və layihə heyəti iştirak edib.

BMTİP-in strateji əməkdaşlıq üzrə müşaviri Məzahir Əfəndiyev seminar iştirakçılarını salamlayaraq bildirib ki, iqlim dəyişikliyi xüsusən yoxsul və zəif icmalara təsir göstərir. Layihənin icra olunmasında məqsəd iqlim dəyişikliyi risklərinin yerli dağ icmaları tərəfindən su və daşqınlar üzrə idarəetməyə daxil edilməsidir. Qeyd olunub ki, su üzrə müasir inteqrasiyalı idarəetmə üçün müvafiq institusional baza tələb olunur. Normativ-hüquqi aktlarda iqlim dəyişikliyi məsələsini əhatə etmək üçün layihə çərçivəsində ölkənin Su Məcəlləsinə yeni düzəlişər hazırlanıb. Məzahir Əfəndiyev su üzrə innovativ idarəetmə üçün əlaqələndirilmiş yanaşmanın zəruri olduğunu vurğulayıb. “Bizim hazırladığımız sənədlər mərkəzi institusional strukturun su ehtiyatları üzrə inteqrasiyalı idarəetmənin tətbiqini tam dəstəkləməsini tövsiyə edir”, - deyə o qeyd edib.

Seminar qrup müzakirələri formasında keçirilib. İştirakçılar erkən xəbərdarlıq sisteminin komponentləri, o cümlədən risklərin qiymətləndirilməsi, monitorinq və xəbərdarlıq, kommunikasiya və təşviqat, cavab qabiliyyəti ilə bağlı tövsiyələrini bildiriblər.

Fövqəladə Hallar Nazirliyinin regional mərkəzlərlə işin təşkili, layihələrin idarə edilməsi və təhsil məsələləri üzrə baş idarəsinin rəis müavini Gündüz Həmzəyev iştirakçılara bu sahədə meydana çıxan riskləri yumşaltmağa yönələn işlər barədə məlumat verib.

Seminar zamanı layihə çərçivəsində əldə edilən yeni erkən xəbərdarlıq qurğuları icma üzvlərinə təhvil verilib.

Çıxışlarda quraqlıq və su çatışmazlığı zamanı kənd təsərrüfatı texnologiyalarının istifadəsinin əhəmiyyəti vurğulanıb, icma əsaslı erkən xəbərdarlıq sisteminin tam mobilizasiyası daşqınların səmərəli proqnozlaşdırılması üçün yaxşı vasitə kimi qiymətləndirilib.

Ekspertlər eksperimental təcrübə üçün Azərbaycanın Qəbələ rayonundakı Mıxlıqovaq icmasını seçiblər.

Beynəlxalq ekspert Xuan Fernandes “İcma əsaslı erkən xəbərdarlıq sistemlərinin icra inkişafı, icmalarda daşqınlarla bağlı fövqəladə vəziyyətin planlaşdırılması”, David Milton “Su problemləri və onunla mübarizə mexanizmləri” mövzusunda məruzə ediblər.

Kommunikasiya zəncirini və iştirakçıların müzakirə edilən məsələlər barədə anlayışını yoxlamaq üçün Su İstifadəçiləri Birliyinin üzvləri ilə simulyativ məşq keçirilib.

Sonda tədbir iştirakçılarına və layihədə fəal iştirak edən yerli icma üzvlərinə sertifikatlar verilib.

Qeyd edək ki, layihə çərçivəsində qanunvericilik və idarəetmə bazasının təkmilləşdirilməsi, təşkilati potensialın gücləndirilməsi, icmaların su və daşqınlar üzrə idarəetmədə fəal iştirak etmələri üçün təlimlərin keçirilməsi nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.