REGİONLAR
Qəbələli gənc rəssamın abstrakt sənət əsərlərindən ibarət fərdi sərgisi açılıb
Qəbələ, 18 aprel, AZƏRTAC
Qəbələ Dövlət Rəsm Qalereyasında gənc rəssam, Azərbaycan Rəssamlar İttifaqının üzvü Orxan Məmmədovun fərdi sərgisi açılıb.
AZƏRTAC xəbər verir ki, qəbələli rəssam Orxan Məmmədov özünəməxsus maraqlı üsulla işləyib hazırladığı 18 sənət əsərini sərgiyə təqdim edib. O, kətan üzərində yağlı boya ilə çəkdiyi müxtəlif əsərlərinin fraqmentlərini kəsib götürərək, onları məntiqi şəkildə bir-birinə tikməklə tamaşaçını düşündürən mücərrəd-fəlsəfi bir tablo halına gətirib.
Müəllif müstəqil süjetləri iplər və kəndirlərlə dekorativ üsulla tikərək yeni bədii cərəyan və üslublarla səsləşən, özünəməxsus abstrakt sənət əsərləri yaradıb. Azərbaycan rəssamlığının çağdaş nəslinin bu janra artan meyli Orxan Məmmədovun yaradıcılığına öz təsirini göstərib.
Sərginin açılışında Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev, idarə və təşkilatların rəhbər işçiləri və digər ziyalılar
iştirak ediblər. Rəsm əsərlərini böyük maraqla seyr edən iştirakçılar sərgidən xoş təəssüratla ayrılıblar.