REGİONLAR
Qəbələnin dağ çaylarında sel sularından mühafizə tədbirləri görülür
Qəbələ, 7 oktyabr, Şahnəzər Bəşirov, AZƏRTAC
Qəbələ şəhərinin və kəndlərin sel sularından mühafizəsi məqsədilə dağ çaylarında işlər davam etdirilir.
Rayon suvarma sistemləri idarəsindən AZƏRTAC-a bildiriblər ki, Qəbələdə sel sularının qarşısının alınması və qış mövsümünə hazırlıq məqsədilə Tikanlı-Qaraçay, Həmzəli, Türyançay, Dəmiraparan və Bum çaylarında sahilbərkitmə və bəndvurma işləri görülür, çay yataqları lil və çöküntüdən təmizlənir. Rayon ərazisindən keçən beş böyük çayda işlərin həyata keçirilməsi üçün əraziyə lazımi sayda işçi qüvvəsi və müasir texnika cəlb olunub.
Görülən işlərdən əsas məqsəd qış və yaz aylarında baş verə biləcək daşqınların qarşısını almaqdır. Bəndlərin möhkəmliyinə xüsusi diqqət yetirilir. Mütəxəssislərin sözlərinə görə, dəmir karkas üzərində tökülən beton bəndlər güclü sel sularına davam gətirməyə qadirdir.
Qeyd edək ki, cari ilin əvvəlindən indiyədək 531 min kubmetr çay ərazisi lildən təmizlənib, 5446 metr ərazidə sahilbərkitmə işləri aparılıb.